Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyənin əhatə edəcək və Avropa Hərəkatlarının birgə layihəsi olan “Sülh TV” internet televiziyası ideyası Azərbaycanda birmənalı qarşılanmayıb. Layihə ilə bağlı Modern.az-a açıqlama verən 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Flora Qasımova bu xəbərə fikrinin müsbət olduğunu deyib.
“İki xalq arasında mütləq sülhə nail olmaq lazımdır. Bu layihə bölgədə sülhün yaranmasına xidmət edəcəksə, müsbət haldır. Biz çalışırıq ki, sülh yaransın. Düşmənçilik nə qədər davam edəcək?! Axı bizim insanlarımız neçə illərdir, əziyyət çəkirlər ki, sülh olsun. Düşmənçiliyin axırı yoxdur. Həmin televiziyada ucuz materiallardan istifadə olunmayacaqsa, tərəfləri daha da qızışdırmayacaqlarsa, rusun barmağı ilə işləməyəcəklərsə, layihə uğurlu olacaq”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə məsələyə mənfi münasibət bildirib: “Bu layihənin gerçəkləşməsinə münasibətimiz mənfidir. Bu da “xalq diplomatiyası”nın bir hissəsidir. İndi də televiziya yaradırlar. Bilirsiniz, bunların Azərbaycan ictimai rəyinə heç bir təsiri yoxdur. Bu adamları ictimaiyyətdə heç kim tanımır. Bu işləri görənlərin yaşlıları yorulublar, indi də cavanları ortaya salıblar. Bu adamlar başa düşməlidirlər ki, ermənilərin siyasətinə xidmət edirlər. Ermənilər istəyirlər ki, Azərbaycan xalqı, beynəlxalq cəmiyyət Qarabağın işğal altında olduğunu unutsun. Torpaqlar işğal altındadırsa, bunun sülh, ictimai rəyə təsir etmək yolu ilə həlli yoxdur. Bu, yalnız Azərbaycanın ziyanına işləyə bilər. Onların erməni fondlarından aldıqları pulla Azərbaycanın maraqlarını satmalarına son vermək lazımdır”.
A. Nağı əlavə edib ki, iki xalq torpaqlar işğaldan azad olunana qədər düşmən olmalıdır: “Sənin torpağın işğal olunursa, sən düşmən olmalısan. Torpağın işğal olunubsa və sən dost münasibətləri qurursansa, deməli, anormal adamsan. Nə qədər ki, torpaqlar işğal altındadır sülhdən, dostluqdan söhbət gedə bilməz. Bunun əksini edənlər manqurtdur”.
İlkin