Modern.az

Aviaqəzalarda həlak olan DÖVLƏT BAŞÇILARI

Aviaqəzalarda həlak olan DÖVLƏT BAŞÇILARI

Hadisə

20 May 2024, 12:38

İran İslam Respublikasının prezidenti İbrahim Rəisi 2024-cü il mayın 19-da ölkəsinin ərazisində baş vermiş helikpoter qəzasında həlak olub. Qəza nəticəsinə dövlət başçısının helikopterində olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, Prezident qvardiyasının rəhbəri Mehdi Musəvi də həyatını itirib.

Qeyd edək ki, daha əvvəllər də aviasiya qəzalarında ölən dövlət başçıları olub.

Modern.az saytı dövlət rəhblərinin həlak olduğu aviaqəzaların xronologiyasını təqdim edir:
 

7 sentyabr 1940-cı ildə Paraqvay Hərbi Hava Qüvvələrinə məxsus Potez 25 TOE təyyarəsi paytaxt Asunsiondan San-Bernardinoya uçarkən qəzaya uğrayıb. Təyyarədə üç nəfər - Paraqvay prezidenti, marşal Xose Feliks Estiqarribia, onun həyat yoldaşı Culiya Miranda Kueto və pilot Karmelo Peralta olub. Onların hamısı qəzada ölüb.
 

17 mart 1957-ci ildə Filippinin Balamban şəhəri yaxınlığında Duqlas C-47 Skytrain sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 26 nəfərdən 25-i həlak olub. Həlak olanlar arasında Filippin prezidenti Ramon Maqsaysay, bir sıra məmurlar və jurnalistlər də var idi. İstintaqın nəticələrinə görə, qəzaya qalxma zamanı təyyarənin sağ mühərrikin karbüratorunun ötürücü valının sıradan çıxması səbəb olub.
 

13 aprel 1966-cı ildə İraq Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin cənubunda Bəsrə hava limanından 10 km aralıda qəzaya uğrayıb. Təyyarədə olan ölkə prezidenti Əbdül Salam Aref həlak olub. Versiyalardan birinə görə, faciənin səbəbi Baas Partiyasına rəğbət bəsləyən hərbçilərin təxribatı olub.


27 aprel 1969-cu ildə Boliviya prezidenti Rene Barriendos Ortunyo vertolyot qəzası nəticəsində həlak olub. Hadisə Boliviyanın mərkəzindəki Koçabamba əyalətinin Arke qəsəbəsi yaxınlığında baş verib. Qəza vertolyotun elektrik xəttinə toxunması səbəbindən baş verib.


24 may 1981-ci ildə Ekvador Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Perunun cənubundakı dağlardan birinə çırpılıb. Təyyarədə Ekvador prezidenti Xayme Roldos Aqilera, onun həyat yoldaşı Marta Bukara və Ekvadorun müdafiə naziri Marko Subia Martinez də daxil olmaqla 12 nəfər vardı. Hadisə zamanı onların hamısı ölüb. Faktla bağlı aparılan araşdırmalar nəticəsində müxtəlif versiyalar irəli sürüb: pilot səhvindən tutmuş sui-qəsdə qədər.


31 iyul 1981-ci ildə Panama Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin mərkəzindəki Koklesito aerodromunun yaxınlığında çətin hava şəraitində eniş edərkən dağla toqquşub. Təyyarədə olan hər kəs, o cümlədən Panamanın faktiki lideri, general Omar Torrixos Herrera həlak olub. 1983-cü ildə aparılan araşdırmaya görə, qəzaya pilotların səhvləri səbəb olub.
 

19 oktyabr 1986-cı ildə Cənubi Afrikanın şimal-şərqindəki Mbuzini kəndindən 35 km məsafədə Mozambikə məxsus Tu-134A-3 sərnişin təyyarəsi yerə çırpılıb və məhv olub. Təyyarədə 44 nəfər - Mozambikin hökumət nümayəndə heyəti və Sovet uçuş heyəti olub. Hadisə nəticəsində Mozambik prezidenti Samora Maşel də daxil olmaqla 34 nəfər həlak olub.
Sağ qalan 10 nərədən biri ekipaj üzvü idi - uçuş mexaniki Vladimir Novoselov. Qəzanı araşdıran Cənubi Afrika komissiyasının qənaətinə görə, faciəyə səbəb buludlu gecə şəraitində yerə təhlükəli yaxınlaşma siqnallarına məhəl qoymayan pilotların səhvləri olub.
 

1988-ci il avqustun 17-də Pakistan Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi Bahavalpur limanından havaya qalxandan az sonra qəzaya uğrayıb. Təyyarədəki 31 nəfərin hamısı həlak olub.
Sərnişinlər arasında Pakistan prezidenti Məhəmməd Ziya-ül-Həq də vardı.
Prezidentlə yanaşı, ABŞ-ın bu ölkədəki səfiri Arnold Lyuis Rafel və Qərbin hərbi yardımının əfqan mücahidlərinə ötürülməsi proqramına rəhbərlik edən Pakistan Xidmətlərarası Kəşfiyyatının baş direktoru Əbdür Rəhman Axtar da həlak olub. Təyyarə vurulmayıb, qalıqlar üzərində heç bir partlayıcı maddənin izlərinə rast gəlinməyib. “qara qutu” tapılmadığındanqəzanın dəqiq səbəbi heç vaxt müəyyən edilməyib.


6 aprel 1994-cü ildə Ruandanın Kiqali hava limanı yaxınlığında Ruanda prezidenti Juvenal Habyarimana və Burundi prezidenti Kiprien Ntaryamiranı daşıyan təyyarə yer-hava raketi ilə vurulub. Hər iki lider və aviagəmidə olan digər 10 nəfər həlak olub. Təyyarə Tanzaniyadan qayıdırmış. Dövlət başçıları orada Ruandanın sabitləşdirilməsi üzrə konfransda iştirak ediblər. Cinayətin əsl icraçıları müəyyən edilmədi, lakin hadisəyə görə Ruandada yaşayan tutsiləri günahlandırılıblar.
 

26 fevral 2004-cü ildə Makedoniya prezidenti Boris Traykovskini daşıyan təyyarə Bosniyanın Mostar şəhəri yaxınlığında qəzaya uğrayıb. Prezidentlə yanaşı, onu müşayiət edən 6 nəfər və 2 ekipaj üzvü həlak olub. Qəza pis hava şəraitində eniş zamanı pis hazırlıq və pilotun səhvləri səbəbindən baş verib.
 

10 aprel 2010-cu ildə Polşa Hərbi Hava Qüvvələrinin Varşavadan Smolenskə xüsusi reyslə uçan Tu-154M sərnişin təyyarəsi eniş edərkən qəzaya uğrayıb. Hadisə Rusiyanın Smolensk şəhərindəki aerodromda baş verib. Təyyarədə Polşa prezidenti Lex Kaçinski, Polşa siyasi və hərbi elitasının nümayəndə heyəti var idi. Faciə qatı duman şəraitində baş verib. Təyyarə icazə verilən hündürlükdən aşağı enərkən sol qanadı  ağcaqayın ağacı ilə toqquşub. Laynerin bütün 89 sərnişini və 7 ekipaj üzvü həlak olub.
Dövlətlərarası Aviasiya Komitəsinin, Polşa Daxili İşlər Nazirliyinin Aviasiya Qəzalarının Təhqiqi Komissiyasının və Polşa Ali Nəzarət Palatasının ekspertlərinin rəyinə görə, fəlakətin səbəbi pilotların səhvləri və uçuşun təşkilindəki çatışmazlıqlar olub.


Ə.Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var