Noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Bu barədə Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan atıb.
Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib.
“İlkin araşdırma zamanı müəyyən edilib ki, atılan 7,62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib. Həmçinin traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti sübut edir ki, atəş İran İslam Respublikası ərazisindən açılıb.
Hadisə ilə bağlı qarşı tərəf məlumatlandırılıb və izahat tələb edilib. Hazırda təhqiqat-ekspertiza işləri davam etdirilir”-deyə məlumatda qeyd edilib.
Modern.az