Parisdən aldığımız məlumata əsasən, Baş Konfransın Sessiyası çərçivəsində YUNESKO üzrə Milli Komissiyaların Baş Katiblərinin görüşü keçirilib. Tədbirdə ölkəmizi YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil edib. Milli Komissiyaların təşkilatla qarşılıqlı və müxtəlif mövzulu əlaqələrinin müzakirə edildiyi görüşdə G.Əfəndiyeva çıxış edərək Azərbaycan-YUNESKO əlaqələrinin inkişafından və gələcək perspektivlərindən bəhs edib. O, bu əlaqələrin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini qeyd edib. G.Əfəndiyeva Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Bakı Forumlarına ev sahibliyi etdiyini xatırladaraq, ölkəmizin siyasi xəttində tolerantlıq, sülh və bərabərliyin hakim olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Qeyd edib ki, Azərbaycan hazırda təşkilatla onun bütün prioritet istiqamətləri üzrə sıx əməkdaşlığa malikdir.
YUNESKO-nun Baş Konfransı noyabr ayının 20-dək davam edəcək. Baş Konfransın gedişatı və mühüm nəticələri barədə əlavə məlumat veriləcək.
Modern.az