Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2013-cü ilin 9 ayı ərzində meşələrin qırılması ilə bağlı tətbiq olunan cərimələrin statistikasını açıqlayıb. Nazirliyin Meşələrin İnkişafı Departamentin müdiri Sadiq Salmanov Modern.az-a açıqlamasında bildirib ki, sanksiyaların ümumi məbləği 129 min 907 manatdır. “Məbləğin 65%-i, yəni 79 mini operativ şəkildə ödənmiş cərimələrdir. Bundan əlavə, yol verilmiş qarşıdurmaya görə bir neçə şəxsiyyət barəsində tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Meşə fonduna daxil olan ağac və kol bitkilərinin qorunması üzrə aşkar olunmuş qanun pozuntularına görə 143 akt və 25 protokol tərtib olunub. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 26 iş üzrə 20.900 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyanla bağlı 109 iş üzrə 18650.53 manat məbləğində iddia qaldırılıb. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 4 işdən birinə, icra qruplarına göndərilmiş 7 işdən 3-nə, məhkəmələrə göndərilmiş 5 işdən 3-nə baxılaraq müvafiq tədbirlər həyata keçirilib”.
S. Sadıqovun sözlərinə görə, meşə fonduna daxil olmayan ağac və kol bitkilərinin mühafizəsi üzrə isə 472 akt və 117 protokol tərtib olunub, hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 120 iş üzrə 3668692 manat məbləğində cərimə tətbiq edilib.
Gülşən Raufqızı