“Müdafiə nazirinin əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin edilmiş general-mayor Heydər Priyev dünən məktəbin kollektivinə təqdim edilib. Təqdimatı isə, ordudan tərxis olunmaq üçün rəsmi müraciət ünvanlamış general-leytenant Çingiz Məmmədov həyata keçirib. O müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və bildirib ki, general-mayor Heydər Priyev məktəb rəisinin vəzifələrini müvəqqəti olaraq icraya başlayıb”.
Modern.az-ın məlumatına görə, bu xəbəri hərbi ekspert Üzeyir Cəfərov verib. Onun sözlərinə görə, Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyinat Azərbaycan prezidentinin səlahiyyətlərində olduğuna görə, yaxın zamanlarda bu haqda sərəncamın imzalanması gözlənilir.
”Məktəbdən aldığımız digər bir xəbərdə o da bildirilir ki, general Çingiz Məmmədov eyni zamanda Ali Hərbi Məktəbin kollektivi ilə də sağollaşıb”.
Ü.Cəfərovun verdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyi Mənzil-İastismar İdarəsi (Mİİ) ləğv edilib və bu idarənin funksiyalarını yeni yaradılmış qurum həyata keçirəcək. Bundan sonra nazirin tikinti işləri üzrə müavini kimi polkovnik-leytenant Zakir Niftəliyev bütün işlərə rəhbərlik edəcək. Zakir Niftəliyev bundan əvvəl MN-nin Mİİ-nin layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışıb.
Ü.Cəfərov Müdafiə Nazirliyində figər maraqlı və diqqət cəlb edən kadr təyinatları və struktur dəyişikliklərinin də olduğunu vurğulayıb.
Modern.az