
“Ermənistanın Gömrük İttifaqına üzvlüyü Dağlıq Qarabağ ətrafında situasiyanı yaxşılaşdıracaq. İqtisadi inkişaf isə yalnız münaqişənin həlinə yardımçı olacaq”. Modern.az bildirir ki, bu barədə Ermənistanda keçirdiyi mətbuat konfransında Avrasiya İqtisadi Komissiyasının sədri Viktor Xristenko bəyan edib.
“Ermənistan Gömrük İttifaqına daxil olsa, Dağlıq Qarabağın statusu necə olacaq” sualına Xristenkonun cavabı qəribə olub: “Qarabağın tarixini məndən yaxşı bilirsiniz. Bu məsələ indi qalxmayıb və Ermənistanın Gömrük İttifaqına daxil olması barədə ərizə ilə bağlı deyil. Bunun üçün xüsusi format müəyyənləşib və müxtəlif ölkələr bu formatda problemin həlli ilə məşğuldurlar”-deyən Xristenko bildirib.
Rusiyalı yüksək rütbəli məmurun sözlərinə görə, Ermənistanın Gömrük İttifaqına daxil olduqdan sonra yaranacaq iqtisadi müstəviyə gəlincə, bu inkişaf “həll olunmamış konfliklər üçün vəziyyəti pisləşdirməyəcək”.
“Fikirmcə, bu günkü situasiya Ermənistanın öz proqramlarını reallaşdırmaq üçün əngəl törətmir, əksinə Qarabağ ətrafında olan situasiyanı yaxşılaşdıracaq”-deyə Xristenko vurğulayıb.
X. SƏFƏROĞLU