Tələbəlik həyatı hər bir kəs üçün ömrün maraqlı, çətin və keşməkeşli anları ilə yadda qalır. O illərin unudulmaz məqamları çoxdur. Modern.az saytı “DİPLOM İŞİ” adlı rubrikasını davam etdirir. Bu rubrikada danışacaq şəxsləri tələbəlik illərinə qaytaracağıq. Daha dəqiqi, tanınmış simalardan tələbəlik dövrünün sonunda müdafiə etdikləri diplom işi haqda soruşulacaq: diplom işini necə yazıblar, hansı çətinliklə qarşılaşıblar, diplom rəhbərləri kim olub və s.
Deputat Zahid Oruc üçün universitet illəri olduqca maraqlı keçib: “Universitet vaxtlarını xatırlamaq mənim üçün olduqca xoşdur. Çünki gəncliyin gözəl vaxtları məhz bu illərdə yaşanır. Mən 1989-cu ildə Azərbaycan Texniki İnstitutuna qəbul olmuşam. Fizika sahəsi üzrə istər məktəbdə, istərsə də ali məktəbdə kifayət qədər çalışmalarım vardı. Bu da mənə universitetin sonuncu kursunda və diplom işimdə lazım oldu. Bu gün texnologiyanın aparıcı sahəsi yarımkeçirici materiallardan istifadə olunur. Başqa kimyəvi elementlərlə aşkarlanmış yeni materiallar da hazırlanır ki, orada parametrlər dəyişir. Onların əsasında daha yeni texnologiyalar yaranır. Məhz ona görə də mənim ali məktəbdə diplom işimin mövzusu “Yarımkeçiricilərin müxtəlif texniki parametrlərinin dəyişməsi” olub. Elmi rəhbərim isə Fotoelektronika institutunun rəhbəri Barxal Barxalov və onun müavini idi. Diplom işimin mövzusunu özüm seçmişdim. Onun hazırlanması da qısa vaxtda oldu. Çünki təkcə öz diplom işimi yazmırdım. Öz qrup yoldaşlarıma da kömək edirdim. Bütövlükdə bizim fakültədən 2 şəxs diplom işinin müdafiəsində yüksək nəticə göstərmişdi. Onlardan biri də mən idim”.
“Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı diplom işi yazmadığını bildirib: “1974-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuşam. Oxuduğum müddətdə müəllimlərim məndən razı qalıblar. Çünki oxumağa böyük həvəsim var idi. Ancaq 4-cü kursun sonunda diplom işi hazırlamadım. Bizim vaxtımızda diplom işi hazırlamaq məcburi deyildi. Digər tələbələr kimi dövlət imtahanına hazırlaşdım. İmtahandan da “5” qiyməti aldım. Universitet illəri mənim üçün unudulmazdır”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da diplom işi hazırlamadığını bildirib: “Mən 1971-ci ildə Tibb Universitetinə daxil olmuşam. Dərslərdə, imtahanlarda nəticələrim yüksək olub. Bacardığım qədər lazımi biliklərə yiyələnmişəm. Ancaq mən diplom işi hazırlamamışam. Çünki Tibb Universitetində diplom işi olmurdu. Bizdə yalnız dövlət imtahanları olub. Dövlət imtahanlarından da əla qiymət almışam”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli maraqlı keçən universitet illərindən belə danışdı: “Mən 2 universitet bitirmişəm. İlk olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışam. Sonuncu kursda diplom işi üçün bir əsər götürmüşdüm. Ancaq “20 Yanvar” hadisəsi baş verdikdən sonra mənim fikrim tamam dəyişdi. Başqa bir mövzu götürdüm. Mövzunun adı isə “Əsrin faciəsi” adlanırdı. Özüm dramaturji material hazırladım və dərnəyə qoydum. O zaman çox ağır dövr idi. Uşaqlarımız da fədakarlıq göstərirdi. Bu gün onların çoxu televiziyalarda çalışırlar. Hətta çoxu peşəkar aktyorlardır. Çox çətin bir vəziyyətdə, təhdidlər altında biz o tamaşanı nümayiş etdirdik. Mənim müəllimlərim də fədakarlıq göstərib diplom işimi qəbul etdilər. Bakı Dövlət Universitetində və bir sıra ali müəssisələrdə o dövr üçün cəsarətli əsər sayılırdı. Bu “20 Yanvar” hadisəsindən dərhal sonra ortaya çıxan əsər idi. Diplom işini təxminən 15 günə hazırlayıb qurtarmışdım. Ancaq əsərin tamaşaya qoyulması 2 ay yarım çəkdi. O vaxtları heç vaxt unutmaram. İkinci təhsilimi isə Sankt-Peterburqda almışam. Sonuncu kursda hazırlamalı olduğum diplom işimin mövzusu isə “Reanit Andre” adlanırdı. Elmi rəhbərim Leninqrad dram teatrının baş rejissoru olmuşdu. Orada da hazırladığım əsər yüksək şəkildə qiymətləndirildi. Həm Bakıda, həm də Peterburqda təhsil aldığım zamanlarda universiteti əla qiymətlərlə bitirmişəm“.
Müğənni Baloğlan Əşrəfov isə öz diplom işinin adını xatırlamadığını bildirib: “1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşam. Ancaq ondan əvvəl 5 illik tar kursunu bitirib oranın diplomunu almışam. Universitetdə oxuduğum 4 il ərzində qiymətlərim yaxşı olub. Lakin diplom işimin adı nə olub, elmi rəhbərim kim olub, yadımda deyil. Görün nə qədər vaxt keçib. Heç ağlıma gəlməzdi ki, 20-30 il sonra kimsə mənə bununla bağlı sual verəcək. Ancaq çox istərdim ki, xatırlayam. Yadımda qalan isə odur ki, diplom işimdən “5” qiyməti almışam”.
Ulduz İBRAHİMOVA