Ermənistan Azərbaycanla münasibətlərin nizamlanmasına və sülh sazişini imzalamağa, onu həyata keçirməyə hazırdır, bu istiqamətdə iş gedir.
Modern.az xəbər verir ki, bunu mayın 23-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan 24news.am-ın müxbiri ilə söhbətində bildirib.
“Azərbaycana gəldikdə isə, əvvəllər müzakirə edilən və yazılı razılıq əldə olunmayan məsələlər ətrafında mövqe fərqləri davam edir”, - o deyib.
“Ümid edirik ki, sülh sazişi ilə bağlı vahid mətnin qəbuluna nail olmaq mümkün olacaq. Hər bir danışıqlar zamanı tərəflər mövqelərini bir-birinə yaxınlaşdırmağa çalışır.
Hazırda yeni görüşlə bağlı razılaşma yoxdur. Əldə olan kimi bu barədə məlumat veriləcək”, - deyə nazir müavini vurğulayıb.
Kostanyan izah edib ki, delimitasiya prosesinin prinsipi 1991-ci ildə qanuni qüvvəyə malik sərhəd xəttini bərpa etməkdir.
O, bunun üçün 1976-cı il xəritəsindən istifadə olunduğunu qeyd edib.
Nazir müavininin sözlərinə görə, iki ölkənin delimitasiya komissiyalarının bəyanatında qeyd olunub ki, delimitasiya məhz Alma-Ata bəyannaməsi əsasında aparılmalıdır.
“Xarici İşlər Nazirliyi səviyyəsində münasibətlərin normallaşdırılmasına dair sənəd ətrafında danışıqlar zamanı biz çalışırıq ki, Alma-Ata Bəyannaməsindəki eyni ifadə və qeyd orada yer tapsın”, - deyə XİN rəhbərinin müavini qeyd edib.