Modern.az

Al Banonun Bakıya gəlişi razılaşdırılıb

Al Banonun Bakıya gəlişi razılaşdırılıb

Təhsil

8 Noyabr 2013, 12:18

“Konsertdə iştirak edəcək bütün şəxslərin, o cümlədən Al Banonun adı müvafiq qurumlarla razılaşdırılıb. Yəqin ki, bir problem olmayacaq”. Bunu Modern.az saytına açıqlamasında “San Remo ulduzları Bakıda”adlı konsert proqramının PR meneceri Zəhra Bədəlbəyli bildirib. O, dekabrın 18-də italyan estrada ulduzu Al Banonun Bakıya gələ biləcəyini istisna etməyib.

Xatırladaq ki, ötən gün Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mediaya açıqlamasında Al Banonun Azərbaycan XİN-nin “Arzuolunmayan şəxslər” siyahısından çıxarılması üçün ölkəmizin İtaliyadakı səfirliyinə müraciət etdiyini deyib.
Müğənni müraciətdə adının "qara siyahıda" olmasından təəssüfünü ifadə edib. Al Bano müraciətində ümumiyyətlə regionda mövcud olan problemdən, Ermənistan- Azərbaycan münaqişəsindən xəbərsiz olduğunu vurğulayıb və Azərbaycan Respublikasına böyük hörmət və rəğbət bəslədiyini bildirib. O siyasi məqsəd güdmədiyini, bir musiqiçi olduğunu qeyd edib.

Qeyd edək ki, bu il dekabrın 18-də “Baku Crystal Hall”da “San-Remo festivalının ulduzları Bakıda” adlı konsertin keçirilməsi nəzərdə tutulur. Bu sırada 80-ci illərdə San-Remodakı festivalda İtaliya mahnılarının məşhur ifaçıları olmuş Toto Kutunyo, Pupo, Al Bano, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo, İvan Spaqn kimi estrada ulduzları və “Matia Bazar”, Rikkardo Foli, “Rikki e Poveri” musiqi qruplarının adı yer alır. Onların ifasını dinləmək istəyənlər üçün Bakıda biletlərin satışı da artıq başlayıb.

Konsertdə iştirak etməyə hazırlaşan italyan estrada ulduz Al Bano üç il öncə - 2010-cu ilin oktyabrında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib. O, Azərbaycanın keçmiş Ağdərə rayonunda ermənilərin ənənəvi olaraq keçirdiyi “Qarabağ korridası” uzunqulaq yürüşünü izləmişdi. Al Bano sonda eşşək yarışı iştirakçılarına öz musiqi töhfəsini də ərməğan etmişdi. O zaman italiyalı müğənni xarici radioya müsahibəsində Qarabağa birinci dəfə gəldiyini və bu səfərdən olduqca şad olduğunu bildirmişdi.
Buna görə də Al Bano Azərbaycanda “aruolunmaz şəxslər” siyahısına salınıb.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı