Yaponiyanın Tokyo Boeki şirkətinin prezidenti Kazuei Uçida, satış və marketinq şöbəsinin direktoru Keiji Takigawa, Tokyo Boeki şirkətinin Ukrayna ofisinin idarə edici direktoru Aleksey Şpak və mühəndisi Vitaliy Tinkov Bakı Dövlət Universitetində olublar. Bu barədə Modern.az-a mətbuat xidmətindən məlumat verilib. Onlar BDU-nun Nano araşdırmalar laboratoriyasına baş çəkib və Tokyo Boyko şirkətindən alınmış cihazların hazırkı vəziyyətləri ilə tanış olublar. Nano araşdırmalar laboratoriyasında onlara professor Məmmədəli Ramazanov cihazların texniki vəziyyəti və bu cihazlar vasitəsi ilə aparılan tədqiqatlar barədə ətraflı məlumat verib. Sonra qonaqları BDU-nun rektoru, akademik Abel Məhərrəmov qəbul edib. Görüşdə Bakı Dövlət Universitetində elektron mikroskopunda işləmək üçün trening mərkəzi yaratmaq, gələcəkdə nanotexnologiyanın müxtəlif sahələrində, materialşünaslıq, nanotibb, nanotoksiqologiya və neftçıxarmada nanotexnologiyanın tətbiqi istiqamətlərində danışıqlar aparılıb və razılığa gəlinib. Qeyd edilən istiqamətlərdə treyninqlər aparmaq üçün Yaponiyanın nüfuzlu şirkətlərindən, universitetlərindən mütəxəssislərin və professorların dəvət olunması üçün müzakirələr aparılıb. BDU-nun savadlı və bacarıqlı tələbələrinin elmə həvəsinin artırılması məqsədi ilə Tokyo Boeko şirkətinin xüsusi təqaüdünün verilməsi qərara alınıb. BDU-da təbiət elmləri istiqamətində elm muzeyinin, innovasiya texnologiyalarının elektron nümayişi üçün xüsusi sahənin yaradılması məsələləri, skanedici elektron mikroskopunun daha geniş imkanlarla işinin təmin edilməsi və nümunələrin tədqiqata hazırlanması üçün xüsusi qurğunun alınmasıbarədə də razılıq əldə edilib.
Modern.az