Milli Məclisin son iclasında millət vəkili, xalq artisti Zeynəb Xanlarovanın Qarabağla bağlı “Biz gərək hər iclasda Qarabağdan danışaq, mənim torpağım işğaldadır, millət qırılır, bundan danışmalıyıq... Qarabağdan danışın! Mən hər bir Məclis üzvündən “Qarabağ” sözünü eşitmək istəyirəm” çağırışı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən dəstəklənir.
Bu barədə Modern.az saytına birliyin sədri Füzuli Rzaquliyevdən bildirib. O, qeyd edib ki, Zeynəb Xanlarovanın bu şəkildə çıxışı döyüşçüləri xeyli ruhlandırıb:
“Şad olduq ki, böyük sənətkarımız Zeynəb Xanlarova bu məsələni qaldırdı. Çox istərdik ki, deputatlarımız hamısı belə olsun. Təəssüf ki, belə deyil. Sanki qalib tərəfik deyə işğal olunmuş ərazilər millət vəkillərinin heç yadına da düşmür”.
F.Rzaquliyev müharibə iştirakçəlarının yaxın zamanlarda Zeynəb Xanlarova ilə görüşmək niyyətində olduğunu da diqqətə çatdırıb:
“Hesab edirik ki, Zeynəb xanımla maraqlı, yaddaqalan, ruh qaldıran söbətimiz ola bilər. Bununla bağlı dünyaca məhşur sənətkarımıza rəsmi müraciət edəcəyik. Döyüşçülər əmindirlər ki, millət vəkili ilə görüşə biləcəklər və çox maraqlı bir görüş olacaq”.
Gülşən Raufqızı