“Euronews” telekanalında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakıda keçirilmiş fləşmobla bağlı süjet yayımlanıb.
Süjetdə Bakıdakı Dövlət Bayrağı Meydanında Azərbaycan bayrağı rənglərində geyinmiş 6 min gənc “Azərbaycan” sözünü əks etdirib. Daha sonra isə gənclər Azərbaycan bayrağı formasında düzülərək dövlət himnimizi oxuyublar.
Süjetin xülasəsində bildirilib ki, Azərbaycanda Dövlət Bayrağı Günü 2009-cu ildən qeyd olunur. Diqqətə çatdırılmışdır ki, Azərbaycanda dövlət bayrağı 1918-ci il noyabrın 9-da qəbul edilib.
"Yallı gedək - Bayrağımızı təbliğ edək" adlı bu aksiya Gənclər və İdman Nazirliyi, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib.