Modern.az

Atatürkdən ayrılığın 75 ili

Atatürkdən ayrılığın 75 ili

10 Noyabr 2013, 14:48

Türkiyə Cümhuriyyətinin qurucusu ölməz Atatürklə cismani ayrılıqdan 75 il ötür. Atatürkün varlığı, ölümsüzlüyü onun uca işləriylə bağlıdır. Az qala yox yerdən Türkiyəni yaradan, dünyaya qarşı dura bilən, dinin təsirini yoxaldan Atatürkə qarşı bu gün hücumlar davam etməkdədir. Onun böyüklüyünü gözdən salmağa, Türk Ulusunun yaşamından, düşüncəsindən varlığını silməyə çalışırlar. Çünki Atatürkün varlığı dünyanın çoxüzlüyünə, ruhsuzluğuna qarşıdır, Dünyada türklüyə qarşı açıq və gizli savaşların açıldığı bir çağda Atatürkü hər an yaşatmaq gərəkliyi yaranır. Bu, o deməkdir ki, hər birimiz müstəqil, yenilməz varlığımızı yaratmalıyıq. Əgər türklüyümüz yaşayırsa, deməli, Atatürk də yaşayır.

İndi Türk xalqı o dərəcədə ulusal ölçüyə əsaslanmalı və özgəliklərdən əl çəkməlidir ki, varlığını qoruyub saxlaya bilsin. Bu, Atatürkün şəxsi, şöhrəti üçün deyil, Türk xalqının sabahı üçün gərəkdir. Atatürkün min bir əzabla qurduğu Türkiyə Cümhuriyyəti ideoloji baxımdan mahiyyətcə çıxış yolu tapa bilmədi. Atatürk sözün böyük anlamında sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalpdan almalı oldu. Bu ideologiya isə türkçülük, batıçılıq və islamçılığın birliyi idi. Atatürk doğrudan da, bütün türklərin sevgisinə layiqdir. Yalnız onun böyük sərkərdəlik, dövlətçilik, qəhrəmanlıq keyfiyyətləri sayəsində artıq çökməkdə olan Osmanlı imperiyasının qalıqları üzərində Türkiyə Cümhuriyyəti quruldu. Az bir çağda Türkiyə dövlətini qurmaq, dövləti daim ayaqda saxlamaq üçün ideyalar düşünmək Atatürkün güclü iradə yiyəsi olduğunu göstərdi. 

Atatürksüz Türkiyə ola bilməz. O, türk dövlətçiliyi tarixində əvəzsiz xidmətlərinə görə həmişə yaşayacaq. Asif Ata deyir: “Azərbaycan – Türk dünyasının beyni və ürəyi, Türkiyə – Türk dünyasının qolu və kürəyi”. 

Asif Ata Türkçülüyün ruhani, tarixi, ideoloji kimi üç yönünü göstərir. Ataya görə, ideoloji türkçülüyün Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə kimi təmsilçiləri var: “İdeoloji türkçülük türkün xilasını Türk dünyasının bərqərar olmasında görürdü, türkləri bu birliyə çağırırdı. İdeoloji türkçülüyün fəlakəti pantürkizmin dinçilik və qərbçiliklə birləşməsi idi. Qərbin tanrısı varidat və siyasətdir: bunların hər ikisi türk mahiyyətinə qarşıdır. Möhtəşəm əraziyə, güclü ruhaniyyata, hərbi gücə malik olan Türk dünyası birliyini yarada bilmədi. Əksinə, dünyadan asılı vəziyyətə düşdü, türklük kimi əzəli mahiyyətindən uzaqlaşdı.””

Çıxış yolu Asif Atanın Mütləqə İnamı əsasında birliyimızi yaratmaqdadır. Türk ruhuna, Türk dünyasına Mütləqə İnam dünyabaxışının gəlişi Atatürkün də ölməz, müqəddəs Türk sevgisinin, Türk dövlətçiliyinin yaşaması deməkdir.  

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır