Modern.az

Rauf Arifoğlu oxuculara və cəmiyyətə müraciət etdi

Rauf Arifoğlu oxuculara və cəmiyyətə müraciət etdi

11 Noyabr 2013, 11:56

"Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu Facebooл sosial şəbəkəsindəki səhifəsində qəzetin köhnə və sadiq oxucularına müraciət edib. R.Arifoğlu yazır: 

"Bu gün bizim iş günümüz... Hər zaman davamlı olsun, dilərim. Bizi işsiz qoymaq istəyən iqtidara, onun siyasətinə ən böyük dirəniş "Yeni Müsavat"ı ayaqda tutmağa dəstək olmaqdır. Hər kəsin dar günündə yanında olduq. Hətta bizi söyən, haqsız yerə suçlayan, cümlə xəyanət sifətlərini ünvanımıza yapışdıranlara da dara düşdükləri, yıxıldıqları anda arxa olduq, dayaq olduq, dəstəyinə tələsdik. Əli İnsanov, Fərhad Əliyev və başqa sabiq iqtidar yetkililərinin də başları qazamata girən kimi "bizim qəzet" ünvanına çevrildik... Haqqı tapdanan bir kəndlinin də, fəhlə, məmur, müəllim, həkim, siyasətçi, tələbənin də üz tutduğu ünvanıq. İndi bizi bitirməyə çalışan məmurlar var ya, onların hamısı potensial dustaqdır; onların, onların yaxınlarının da yaxın gələcəkdəki "bizim qəzet" ünvanıyıq. Qapısı bərkdən döyülənin də, evi başına uçurulanın da,  şərlənib tutulanın da, içəridə sındırılmamaq üçün mücadilə verənin də arxası-dayağı "Yeni Müsavat"dır... Minnət qoymuruq - xatırladırıq. İndi bizim dar günümüzdür. Dəstəyə, duaya, telefon zənginə, abunə yazılmağınıza ehtiyacımız var. Hakimiyyət məmurları 3 min nüsxə tirajımızı dövriyyədən çıxarıb. Onları bərpa etmək mümkün olmasa, çapımız tamamilə dayanacaq. Bu baxımdan, hər kəsdən qəzetimizə heç olmasa 1-2 aylıq abunə olmalarını istərdik. Aylıq abunə qiyməti 12 manatdır. Yarım aylıq da olar, 2 aylıq da,  bir illik də, hətta bir həftəlik də. Kim istəsə, sadəcə telefon zəngi ilə, öncədən pul ödəmədən "Yeni Müsavat"a abunə ola bilər. 
(012) 465-67-13, (012) 564-48-96. Qaya Mətbuat Yayımı Firmasına zəng etməklə. 
 
Sabah, 12 noyabr saat 13-də isə qəzetimizdə abunə Marafonu keçiriləcək. Ziyalılarımızı, millət vəkillərini,  partiya liderlərini, inanclı qardaşlarımı, Mətbuat Şurasının sədri və İdarə Heyətini, qəzet redaktorlarını, iş adamlarının təmsilçilərini; məni, qəzeti özünə dost bilənləri, oxucularımızın bütün kateqoriyadan olan nümayəndələrini Marafona dəvət edirəm. Redaksiyada yayım firmalarının nümayəndələri də olacaq. Özünü abunə etmək istəyən orada yazılacaq və 1 gün sonradan qəzetini evində almağa başlayacaq. Əlavə dəstək vermək istəyən ödənişi redaksiyaya edib, möhürlü sənəd alacaq. (Tarix və gələcək nəsillərə nümunə üçün saxlayar özündə.) Redaksiyada abunə yazılmağa imkanı olmayan oxucularımızın, müxalif partiyaların rayon şöbələrinin üzvlərinin siyahısı olacaq. Biz nisbətən imkanlıların sayəsində yüzlərlə oxucularımızın öz evlərində qəzet almalarını təmin etmiş olacağıq. Allah hər kəsə qəlbinə görə versin və yardımçımız olsun".

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır