Tanrı ona çox gözəlliklərini bəxş edib. Musiqi, gözəl dostlar, həmişə diqqət mərkəzində olmaq, ətrafındakı insanları heyrətə gətirmək istedadı. O hansı işi görsə gözəl alınıb. Bu gün 80 yaşında da yaratdığı gözəllikləri və gözəl ruhlu insanları, musiqi sevənləri, incəsənət xadimlərini başına toplamışdı. Söhbət Özbəkistan və Azərbaycanın xalq artısti Firudin Səfərovdan gedir.Firudin Səfərovun 80 illik yubileyini təbrik etməyə gələnlər sırasında Daşkənddəki diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Özbəkistandakı Azərbaycan Respublikasının səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri var idi. Haqqında şox gözəl sözlər deyildi. 1977-ci ildən Əlişir Nəvai adına Özbəkistanın Böyük Opera və Balet teatrında baş rejissorluq edən Firudin Səfərov dünyanın bir çox ölkələrində məşhurdur. Onun Azərbaycanda səhnələşdiriyi “Leyli və Məcnun” , “Koroğlu” , “Şahsənəmi” bu gün də səhnələrimizdə ən çox göstərilən tamaşalardır. Dünyanın 50-dən artıq məşhur opera və balet musiqi əsərlərinə quruluş verən Maestro nə qədər yeni aktyorların, sənətkarların yetişməsində səbəkar olub. Musiqin anlayanlar onu Opera və Balet səhnəsinin şahi sayırlar. Onun qurduğu səhnələr dünyanın bir çox musiqiçilərini heyrətə gətirə bilib. İtaliyada, Rusiyanın əksər şəhərlərində Firudin Səfərovun əsərləri səhnələşdiriləndə onu hər zaman ayaq üstə alqışlayıblar. 80 illiyini Daşkənddə təbrik etməyə gələn tanınmış incəsənt xadimləri onun Özbəkistanın musiqi tarixinə verdiyi tövhələrdən danışdılar. Hətta özbək millətinə xas olan xüsusi hədiyyələrlə təbrik etdilər. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev yubilyarın Azərbaycan xalqı üçün həmişə doğma və əvəzedilməz bir şəxsiyyət olduğunu bildirdi. Onun gənclik illərində Azərbaycanın Neftçi İdman klubunda ən gözəl oyunçulardan biri olduğunu xatırladı. Bu gün isə hələ də yaratmaq eşqində olan Firudin Səfərovun iki xalqın arasında saldığı tarixlərə yadigar qalan musiqi və mədəniyyət körpüsündən danışdı. Və təbrik etdi. Azərbaycan diasporunun fəalları da onu təbrikə gəlmişdilər.Qeyd etdiyimiz kimi, Firudin Səfərovun ən böyük xidmətlərindən biri də güclü və istedadlı sənətkarlar yetişdirə bilmək qabiliyyətidir. Onun yetişdirmələrində biri olan gənc həmyerlimiz, dəfələrlə beynəlxalq müsabiqələrin laureatı və diplomantı olmuş Cəbrayıl İdrisov özündə formalaşan fəri aktyor keyfiyyətlərinə görə ustadına təşəkkür edir. Deyir ki, Firudin Sattaroviç mənə çox şey öyrədib. O hər zaman narahatdır. O başqalarına bənzəmir. Mən Allahımdan çox razıyam ki, belə gözəl bir pedaqoqum olub. Qazandığım bütün uğurlarda onun payı var. O çox işıqlı bir insandır.
35 il ərzində Firudin Səfərovla eyni səhnəni bölüşən SSRİ-nin xalq artisti Dilbər Abdurəhmanova bu gün də Firudin Səfərova həsr olunmuş konsertdə dirijorluğu özü edirdi. Firudin Səfərovun həyat yoldaşı , SSRİ-nin xalq artisti mərhim Firəngiz Əhmədova ilə də əziz rəfiqə olan Maestro xanım onu belə xarakterizə etdi: -- Məni Azərbaycana çox şey bağlayır. Hətta Firudin Səəfərov olmasaydı belə mənim üçün Azərbaycan və onun musiqisi xususi önəm kəsb edir. O ki, qaldı Firudin Səfərova, biz həm də ailəvi dost olmuşuq. Onun gözəl xanımı rəhmətlik Firəngiz Əhmədova mənim ən yaxın rəfiqəm olub. Bizi çox şey bağlayır bir-birimizə. Biz eyni səhnədə bir-birimizi çox gözəl başa düşürük. Biz bir yerdə olanda şedevrlər yaradırıq. Firudin möhtəşəmdir. Böyükdür. Özbəkistanın böyük teatr səhnəsində yubiley gecəsində onun haqqında çox gözəl sözlər söylənildi. Azərbaycanın Respublikasının Mədəniyyət Nazirinin, Rusiyanın, Qazaxıstanın ,Belorusun tanınmış incəsənət xadimlərinin təbrikləri oxundu.Böyük sənətkarı doğma özbək xalqı belə təbrik etdi. Özbəkistan və özbəklər onun dəyərini bilirlər. O bu xalqın musiqisinə, səhnəsinə çox böyük hədiyyələr və əsərlər bəxş edib.