
“Əhalinin aztəminatlı hissəsinin evlə təmin edilməsi Azərbaycan iqtisadiyyatına güclü təkan verə bilər”. Bunu Milli Məclisdə 2014-cü il büdcəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli bildirib.
Modern.az-ın məlumatına görə, Ə.Məsimli Almaniyanın müharibədən sonrakı təcrübəsini misal gətirib və bildirib ki, insanları evlərlə təmin etmək, iqtisadiyyatın böyük irəliləyişinə səbəb olub.
“Bu təcrübəni Azərbaycanda da tətbiq etməklə biz iqtisadiyyatın inkişafına nail ola bilərik. Bunun üçün ucuz qiymətə – hər kvadratmetri 50-100 manata olan “xalq evləri” tikilməlidir. Bununla biz həm aztəminatlı təbəqənin evlə təmin olunmasına nail oluruqsa, digər tərəfdən, iqtisadiyyatın güclənməsinə nail olacağıq”.
Əyalətlərin vəziyyəti haqqında danışan Ə.Məsimli bildirib ki, dövlətin qarşısında əsas 4 problem durur. “Bunlar elektrik, su, qaz və yol probleminin həllidir. Əgər buna nail olunarsa, o zaman regionlarımızın da sürətli inkişafına nail ola bilərik. Digər əsas məsələlərdən bir də bölgələrdə yüksək maaşlı iş yerlərinin açmaqdır. Bu bir daha özünü son dövrlərdəki Rusiyada yaşanan miqrasiya problemində özünü göstərdi. Biz yerlərdə yüksək maaşlı iş yerləri açmaqla həm miqrant probleminin, həm də regionların inkişafını təmin etmiş olacağıq”, – deyə millət vəkili deyib.
Aytən ƏLİYEVA