Modern.az

Rektor-deputat tələbə kreditləri təsis etməyi vacib bildi

Rektor-deputat tələbə kreditləri təsis etməyi vacib bildi

Parlament

12 Noyabr 2013, 17:43


Modern.az-ın məlumatına görə, Odlar Yurdu Universitetini rektoru, millət vəkili Əhməd Vəliyev Milli Məclisi 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bir neçə təkliflərlə çıxış edib. O, büdcədən ipoteka kreditlərinə ayrılan maaşın azlığından danışıb. Ə. Vəliyev bildirib ki, ipoteka kreditləri üçün ayrılan 40 milyon manat çox azdır və əgər imkan varsa, bu məbləğ artırılsın.

Deputat tələbələr üçün təhsil kreditinin ayrılmasını təklif edib: “Təhsillə bağlı adambaşına maliyyələşmə tətbiq olunur. Hesab edirəm ki, təhsil alanların çoxu ödənişli təhsil aldıqları üçün təhsil krediti yaradılsa əla olar. Orta məktəbi bitirənlərin 20-25 faizi ali məktəbə daxil olur. 75-80 faizi isə təhsildən kənarda qalır. Bununla bağlı 16-18 yaşlı gənclərin təhsillə əhatə olunmaması dövlətimiz üçün problemə çevrilə bilər. Yüz minlərlə Azərbaycan gənci məşğuliyyətsiz qalır. Bir qismi xarici ölkələrdə təhsil alır. Amma bunlar lazımsız universitetlərin diplomlarını alırlar. Mən düşünürəm ki, gənclər üçün kredit ayrılmalıdır. Azərbaycanda ali təhsil müəssisələrinin maddi texniki bazası və kadrları lazımi səviyyədədir, buna görə universitetlərin qapıları həmin gənclərə açılmalıdır. Onların təhsil almalarına imkan yaradılmalıdır. Biz 16-18 yaşlı gənclərin fəaliyyətini məhdudlaşdırsaq, onları itirmiş olarıq”. Qazax rayonundan seçilən millət vəkili həmin rayonun bəzi problemlərini hökumət üzvlərinə çatdırıb: “Bilirsiniz ki, bir neçə kənd ermənilər tərəfindən işğal olunub. Qızılhacılı kəndi var ki, onun ancaq özü işğal olunub, sahəsi qalıb. Kənd sakinləri məndən xahiş edib ki, həmin kəndin sahəsi yenidən təhlükəsizlik tədbirləri görülərək onlara qaytarılsın”. Ə. Vəliyev Qazax rayonunda yerləşən hərbi hissənin yerinin dəyişməsini təklif edib. O,bildirib ki, həmin hərbi hissə rayonun mərkəzindədir və rayonun ətraf zonasına köçürülsə, yaxşı olar.

 

  Aytən ƏLİYEVA

 
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...