Modern.az millət vəkili Azər Kərimlinin müsahibəsini təqdim edir:
- Azər müəllim, bu həftə ərzində ölkəmizdə bir sıra önəmli tədbirlər həyata keçirilib Onlardan biri də “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən üçüncü konfransdır. Ölkəmizin bu istiqamətdəki fəaliyyətini və səylərini necə qiymətləndirirsiniz?
- Hazırda dünyanın 70 ölkəsinin ərazisi minalarla və partlamamış sursatlarla çirkləndirilib. Azərbaycan da onlardan biridir. Amma ölkəmizi mina və partlamamış sursatlar təhlükəsiylə qarşı-qarşıya qalan digər ölkələrdən fərqləndirən əsas amil, kənd təsərrüfatına yararlı torpaqlarımızın 28 faizinin minalarla və partlamamış silah-sursatlarla çirkləndirilməsidir. Ölkəmizin ərazisinin relyefini, demoqrafik vəziyyəti, əhalinin sayının torpaqlımızın işğal edildiyi zaman kəsiyində, təxminən 3 milyon nəfər artdığını nəzərə alsaq, bu, çox ciddi bir rəqəmdir. Bizi minalardan əvə partlamamış sursatlardan əziyyət çəkən digər ölkələrdən fərqləndirən əsas cəhətlərdən biri də bu dəhşətli problemin aradan qaldırılması istiqamətində, müəyyən azsaylı istisnalar olmaq şərtilə, yalnız öz imkanlarımız hesabına davamlı addımlar atmağımızdır. Lakin Azərbaycan, hətta mina təhlükəsinə münasibətdə də ikili standartlardan çıxış edən ölkə və təşkilatlardan fərqli olaraq, öz qlobal məsuliyyətini çox yaxşı dərk edir və mina təhlükəsinə qarşı birgə mübarizənin təşviqində də nümunə göstərir.
Düşünürəm ki, Prezident İlham Əiliyevin “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alan fikirlər mina təhlükəsinin bütün mahiyyətini və ciddiyyətini dəqiqliklə ifadə edir. Cənab Prezident öz müraciətində qeyd edir ki, “müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur.
Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır”. Göründüyü kimi, minalar təkcə insanların sağlamlığı və həyatı üçün deyil, bütövlükdə ətraf mühit üçün də böyük təhlükədir.
- Azər müəllim, məlum olduğu kimi “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda Zəngilanda və Bakıda keçirilən 3-cü beynəlxalq konfransın yekununda Bəyannamə qəbul olunub. Bəyannamədə minaların və müharibənin partlayıcı qalıqlarının səbəb olduğu itkilərin qarşısının alınması və mina qurbanlarına tibbi xidmət, reabilitasiya və cəmiyyətə reinteqrasiya daxil olmaqla fəal dəstəyin təmin edilməsi ilə bağlı kompleks tədbirlərin görülməsinin zəruri olduğunu vurğulayırıq, dövlətləri və müvafiq təşkilatları bu səylər üçün resurslar ayırmağa və təcrübələrini bölüşməyə çağırış da yer alıb. Bu çağırışın əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Minaların ətraf mühitə təsirinin azaldılması üçün bütün ölkələr və təşkilatlar səylərini birləşdirməli və bu problemə ümumbəşəri problem kimi yanaşmalıdırlar. Çünki bir ölkənin ərazisindəki minalar və partlamamış sursatlar, təkcə həmin ölkə üçün deyil, bütün dünya, bizi əhatə edən təbiət üçün təhlükəlidir. Ətraf mühit kompleks anlayışdır. Təbiətdə hər şey bir-biri ilə zəncirvari surətdə bağlıdır. Onun hər hansı bir hissəsini çərçivəyə salıb bu və ya digər dövlətə aid edə bilməzsən. Təbiətin sərhədləri yoxdur. Məhz bu baxımdan, bəyannamədə yer alan bu çağırış durumun ciddiyyətini ifadə etməklə yanaşı, həm də bəşəriyyəti ortaq təhlükəyə qarşı birliyə çağırışdır. Bu da, şübhəsiz ki, Azərbaycanın sözgedən problemə humanist, ümumbəşəri münasibətini əks etdirir.