
“Büdcədə kommunal xərclərin 15 faiz artması nəzərdə tutulur. Əgər qiymət artımı olaсaqsa, bu deyilsin ki, əhali də bilsin”. Modern.az xəbər verir ki, Milli Məclisdə büdcə müzakirələri zamanı bu sözləri deyən millət vəkili Vahid Əhmədov kreditlərlə bağlı yaradılmış ağır vəziyyətin Milli Məclisdə müzakirə olunmasını təklif edib. O, qeyd edib ki, bu müzakirə ya İqtisadi siyasət komitəsində bank rəhbərlərinin, o cümlədən Mərkəzi Bank rəhbərliyinin iştirakı ilə müzakirə olunsun, ya da Milli Məclisdə ayrıca iclas keçirilsin.
Deputatın sözlərinə görə, bu gün banklar əmanətləri 10-12 faiz dərəcəsində qəbul etdikləri halda kreditləri 30-35 faizə verirlər.
“Banklar əmanət faiz dərəcələri ilə kredit faiz dərəcələri arasındakı bu ciddi fərqi Milli Məclisdə izah etməlidirlər. Bu məsələni ciddi müzakirə etməliyik. Çünki o, əhali arasında ciddi narahatçılıq yaradıb. Əhalinin əksər hissəsi banklardan asılı vəziyyətə düşüb. Bu sahədə ciddi islahatlar aparılmalıdır və faiz dərəcələri aşağı salınmalıdır. Kommunal xərclərə gəldikdə isə ölkədə olan vəziyyəti, xaricdən gələn miqrantları nəzərə alaraq, heç olmazsa birinci yarım ildə qiymət artımına gedilməsin”.
Aytən ƏLİYEVA