
Noyabrın 12-də Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında
“Sərhədsiz İnsan Hüquqları” beynəlxalq təşkilatı tərəfindən hazırlanmış
“Azərbaycanda dini azlıqlar: tarixdən müstəqiliyə doğru” adlı hesabatın təqdimatı zamanı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib: “Çox önəmlidir ki, bu hesabat məhz Vilnusda keçiriləcək Şərq Tərəfdaşlığı sammiti ərəfəsində və məhz Avropa Parlamentində təqdim edilir. Bu hesabatın ayrı-ayrı müddəaları ilə razılaşmasaq da ümumilikdə sənəd Azərbaycanda dinlərarası tolerantlığın yüksək səviyyəsini obyektiv əks etdirir. Ümidvarıq ki, zaman-zaman dünyada dinlərarası gərginliyin artması ilə bağlı narahatlıqlarını ifadə edən Avropa Paralamentinin daha çox üzvü bu hesabatla tanış olduqdan sonra Avropa qitəsində unikal və pozitiv bir modelin olması həqiqətlərinə gözləri açılacaq. Bu, əhalisinin əksəriyyətinin müsəlman olduğu, eyni zamanda dini dözümlülükdə bir sıra Avropa ölkələrindən öndə gedən Azərbaycanın tolerantlıq modelidir”.
Modern.az-ın məlumatına görə, komitə sədri onu da qeyd edib ki, obyektiv hesabatların hazırlanması sadəcə Azərbaycanın lehinə deyil. Həqiqəti qəbul etməklə Avropa qurumları dünyada öz nüfuzlarını da qaldırmış olurlar. Bu cəhətdən, belə obyektiv hesabatlar Avropanın da işinə yarayır.
Təqdimatın sonunda Azərbaycan nümayəndələrinə mövzu ilə bağlı suallar verilib. Suallardan biri Azərbaycanda milli azlıqların, xüsusilə də ermənilərin vəziyyəti ilə bağlı olmuşdur. Məlum olub ki, sualın müəllifi “Ararat” qəzetini təmsil edən Ermənistan əsilli yezidi kürddür.
Sualı cavablanıdran Elşad İskəndərov bildirib ki, etnik təmizləmə nəticəsində monoetnik dövlətə çevrilmiş Ermənistandan fərqli olaraq Azərbaycanda hətta ermənilər belə rahat yaşaya bilirlər. Azərbaycanda bütün milli azlıqların nümayəndələrinin milli-mədəni hüquqları qorunur və heç bir millətə və ya etnik qrupa qarşı ayrı-seçkilik mövcud deyil.
Modern.az