Azərbaycanda son illər boşanmaların sayı sürətlə artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2023-cü ildə 21688 boşanma qeydə alınıb. Bu, 2022-ci illə müqayisədə 5700 vahid və ya 36 faiz artıb.
Boşanmaların bu miqyasda artması ictimaiyyət arasında narahatlıq doğurub. Məsələ Milli Məclisin müvafiq komitəsində, həmçinin plenar iclaslarda gündəmə gətirilib.
Ancaq bəzi ekspertlər boşanmaların artmasında saxta boşanmaların da rol oynadığını düşünür. Bir müddət əvvəl Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin iclasında saxta boşanmalardan danışıb: "İki ildə 38 minə yaxın boşanma faktı səthi yanaşdıqda yanlış qənaətlər yaradır, azərbaycanlı ailə modelinin kəskin aşınmaya məruz qaldığını nümayiş etdirir. Son 10 ildə boşananların ümumi sayı 138 min təşkil etdiyi halda biz onun digər indikatorlar vasitəsilə əsaslanmadığını görürük”.
O, saxta boşanmaların kütləvi hal aldığını deyib. “Onun səbəbləri üzərində indi dayanmaq istəmirik, çünki gerçək məqsədlərin göstərilməsi xalqımızın əleyhinə platformalarda istifadəyə rəvac verə bilər. Lakin həqiqət ondan ibarətdir ki, vətəndaşlarımızın müxtəlif niyyətlərlə süni, gerçək olmayan ayrılmaya getməsi, reallıqda təsdiqini tapmayan nikahın pozulması faktlarının, qərarlarının qarşısının alınması üçün müvafiq Hökumət qurumları ilə birgə tədbirlərə ehtiyac var".
Ekspertlər deyir ki, bəzi hallarda müxtəlif maddi imtiyazlardan faydalanmaq üçün, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməməsi üçün cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin - ər və ya arvadın mülkiyyətində olan əmlaklarının müsadirə olunmaması məqsədilə saxta boşanmalar olur.
Hüquqşünaslar deyir ki, saxta boşanmaları real ayrılıqlardan fərqləndirmək mümkün olmur. Nikahın pozulmasının qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir, prosedurlara tam riayət edildiyi üçün saxta boşanmaları ayırd etmək olmur.
Mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Üzeyir Şəfiyev isə saxta boşanmaların elə də böyük sayda olmadığını düşünür.
"Mən düşünmürəm ki, boşanmaların artması süni boşanmalar hesabınadır. Bu tip boşanmalar çox az faiz təşkil edir. Azərbaycanda patriarxat cəmiyyət olub. Bu kimi cəmiyyətdə ailə məsələlərini cəmiyyət müəyyənləşdirirdi. Boşanma hallarına həm qadınlar, həm də kişilər pis baxır, ayıb sayılırdı. Bu, sosial auditoriya üçün hesablanmış ayıb idi. Eyni zamanda qadınlar iqtisadi fəal kütlə deyildi, kişilərdən asılı idi. Buna görə də qadınlar kişilərin sərt reaksiyalarına dözümlü yanaşırdı. Belə bir düşüncə var idi ki, boşandıqdan sonra çətinlik çəkəcəklər".
Sosioloq müstəqilliyin əldə edilməsindən sonra vəziyyətin dəyişdiyini bildirir.
"Müstəqillik qazandıqdan sonra qadınlar bir növ iqtisadi fəal kütləyə çevrildilər. Təhsil alan, iş həyatına atılan qadınların sayı çoxaldı. SSRİ dağıldıqdan sonra artıq qapalı cəmiyyətdən açıq cəmiyyətə keçərək dünyaya inteqrasiya etdik. Təkcə fiziki deyil, həm də mənəvi sərhədlər aradan götürüldü. İnsanlar xaricə gedib-gəldi, müxtəlif filmlər və seriallar vasitəsilə bu həyat tərzinə bələd oldular. Azərbaycan qadınları artıq köhnə qayda ilə yaşamalı olmadıqlarını düşünməyə başladı. Bu zaman qadınlar daha sərt, eqoist həyat seçməyə başladılar. Artıq bir növ əvvəlki stereotiplərdən yaxa qurtarmağa başladılar. Bir sıra seriallar, filmlər vasitəsilə artıq ənənəvi Azərbaycan ailə modeli yavaş-yavaş zəifləməyə başladı. Əvvəl Azərbaycan qadını boşanmanı faciə kimi qarşılayırdısa, indi çox normal qarşılamağa başladı. Əvvəllər boşanmış qadına ictimai qınaq vardısa, indi tolerant yanaşmalar var. Eləcə də kişilər köhnə stereotiplərdən uzaqlaşmağa başlayıb. Düzdür, məişət zorakılığı hadisələri baş verir. Bəzən köhnə stereotiplərlə yaşayan kişilər boşanmaya dözümsüz yanaşır, həyat yoldaşlarını təqib edir, öldürürlər. Ancaq hiss edirik ki, əvvəlki klassik ailə dəyərləri zəifləməyə başlayır. Açıq deyirəm ki, burada bəzi haradan qidalandığını bilmədiyimiz televiziya verilişlərinin də rolu var. Həmin verilişlərdə Azərbaycan ənənəvi ailə dəyərləri sanki faktiki olaraq dağıdılır, boşanmalar körüklənir. Qadınlara dözümsüzlük aşılanır, gender bərabərliyi adı ilə aqressiv feminist hərəkatının təsvirini yansıdılır".
Ü.Şəfiyev qeyd edib ki, boşanmaların həqiqi statistikasına görə son 10 ildə Azərbaycan cəmiyyətinə xarakterik olmayan tərzdə artıb:
"Bu artım süni, saxta boşanmalar hesabına olan artım deyil. Düzdür bəzi hallarda süni boşanmalarla rastlaşmaq mümkündür. Məsələn məcburi köçkünlər arasında əlavə əmlaka yiyələnmək üçün boşanan, sosial yardım proqramlarından istifadə etmək üçün bu yola əl atan insanlar var. Ancaq bu heç də o demək deyil ki, boşanmaların artım dinamikası süni boşanmalar hesabına yüksəlir".
Müsahibimiz sonda vurğulayıb ki, Mediasiya Şurasının özündə psixoloqlar və sosial işçilərin olması çox yaxşı olardı:
"Həmin o işçilər münaqişəli ailələrdə boşanma prosesində iştirak etsinlər, qarşısını almağa çalışsınlar. Elə ailələr var ki, çox xırda səbəblərdən dağılır. Güman edirəm ki, bununla bağlı bir sıra proqramlar tətbiq edilsə bu boşanmaların qarşısı alınmış olar. Ailə qurulandan 3 il sonra artıq ailə böhranları başlayır. Çox yaxşı olar ki, bu böhranlar zamanı həm Ailə, Qadın və Uşaq Komitəsinin nəzdində, həm də regionlarda ailə böhran mərkəzləri fəaliyyət göstərsin. Orada da sosial işçilər çalışsın və həmin ailələrdə sosial-psixoloji iş aparılsın ki, kiçik hadisələr boşanmaya gətirib çıxarmasın. Güman edirəm ki, ailələrlə bu qəbildən olan iş aparılarsa, boşanmaların qarşısı xeyli alınmış olar. Biz özümüzü aldatmamalıyıq! Boşanmalar süni şəkildə artmır, boşanma faktı, reallığı var. Biz bunu qəbul etməliyik və qarşısını almaq üçün tədbirlər görməliyik".
Rəşid Qarayev