Moskva Ankaranın BRICS-ə üzv olmaq istəyini alqışlayır.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfəri zamanı Ankaranın BRICS-ə qoşulmaq istədiyini bəyan edib. O qeyd edib ki, bu məsələ iyunun 10-11-də Rusiyanın Nijni Novqorod şəhərində keçiriləcək BRICS ölkələri xarici işlər nazirlərinin iclasında müzakirə olunacaq.
Kremlin rəsmisi bildirib: “Biz, əlbəttə, qonşularımız, o cümlədən Türkiyə kimi mühüm tərəfdaşlar tərəfindən BRICS-ə marağın artmasını alqışlayırıq. Təbii ki, bu maraq mövzusu Rusiyanın sədrliyi ilə keçiriləcək və çox fəal şəkildə hazırlaşdığımız BRICS sammitinin gündəmində olacaq”.
Peskov qeyd edib ki, BRICS bütün maraqlı tərəflərlə əlaqələrin qurulmasında maraqlıdır. Onun sözlərinə görə, bu məqsədlə müxtəlif formatlar nəzərdən keçirilir.