Bakı Dövlət Universitetinin yataqxanasının sökülməsi prosesinə başlanılıb və bu yaxınlarda sona çatacaq. Amma yataqxananın tikilməsinə gələn ildən başlanılacaq. Bu istiqamətdə danışıqlar aparılır, ondan sonra xərclər müəyyənləşəcək”.
Modern.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O, qeyd edib ki, yeni yataqxananın tikilməsi layihəsi üçün maliyyə vəsaiti ayrılmalıdır. “Belə təsəvvür olunmasın ki, əvvəlki yataqxanalar kimi olacaq, bu, Avropa səviyyəsində tikiləcək kompleksdir. Yəni yataqxananın biri bu gün, biri də sabah tikiləcək. Bir neçə ildən sonra universitetin 100 illiyini qeyd edəcəyik. Çalışırıq ki, həmin vaxta qədər 5-6 min tələbəni yataqxanaya götürək”.
A. Məhərrəmov yataqxana probleminin olmaması səbəbi ilə xarici dövlətlərdən BDU-da oxumaq istəyən tələbələr itirdiklərini qeyd edib. “Bu gün bizdə 15 dövlətdən tələbə oxuyur: Yaponiya, Koreya, Çin, Kanada və Avropa ölkələri... Ancaq ən çox Türkiyə və İrandan tələbələr gəlir. Bizdə belə qayda var ki, nə qədər tələbə müraciət edirsə, onun hamısı qeydə alınır. 15-20 min arası tələbə müraciət edir, ancaq bunun 1000-i bizim universitetdə oxuyur. Halbuki, bu rəqəm 3-5 min ola bilər. Hamı yataqxanaya görə gəlmək istəmir. Qeyd edilir ki, necə inkişaf etmiş ölkəsiniz ki, yataqxananız yoxdur. Xarici tələbələr Azərbaycana gələrsə, universitetin gəliri olar, elmi və təhsili də inkişaf etdirərik”.
Aytən ƏLİYEVA