“Xalqı aldatmaq məsələsində Rəsul Quliyev rekord qıra bilər. Çünki o, Əbülfəz Elçibəyin və Heydər Əliyevin dönəmində işləyib. İndi də guya müxalifətdədir”.
Bunu Modern.az-a Milli Şuranın və Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı eks-spiker Rəsul Quliyevin Milli Şura ilə bağlı dediklərinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, Rəsul Quliyev son müsahibəsində deyib: “Milli Şura məğlubiyyətin səbəbini ancaq hökumətin saxtalaşdırmasında görür, elə ancaq “Cəmil Həsənli prezidentdir” kimi yanlış ifadəni təkrarlayır. Adamdan soruşarlar, məgər siz bilmirdiniz seçkilər saxtalaşdırılacaq? Hansından soruşsan deyəcək bilirdim. Adamdan soruşarlar, hansı protokollara, sənədlərə söykənib “Cəmil Həsənli uddu” deyirsiniz? Məsələ ondadır ki, MŞ üzvlərinin ən azı 80 faizi mənim dediklərimin mütləq düzgün olduğunu bilir, ancaq səslərini çıxarmırlar. Elə mövqeyimizi ürəyimizdə saxlamağımız Azərbaycanın evini yıxıb. MŞ bir iki çığır-bağır salan, şübhəli keçmişi və bu günü olanların əlinə keçib. Ona görə heç bir konfliktdən söhbət getmir. Əgər növbəti sessiyasında mənim qaldırdığım məsələlər müzakirəyə çıxarılmasa, məni o ölü təşkilatın üzvü hesab etməyə bilərsiniz”.
R. Quliyev onu da bildirib ki, indiki durumda ilk növbədə MŞ-yə daxil olan liderlərin hamısı bir nəfər kimi istefa verməlidirlər və yeni liderlər real siyasət üzərində qurulmuş yeni qurumlar yaratmalıdırlar.
Müsavat funksioneri Tural Abbaslı R.Quliyevin dediklərini əhəmiyyətsiz adlandırıb: “Prezident seçkilərindən əvvəl də Rəsul Quliyev Milli Şuranın əleyhinə bəyanatlar verib. Azərbaycan xalqı nə Rəsul Quliyevi, nə də onun yaratdığı qurumları ciddi hesab edir. Ona görə də inanmıram ki, onun belə fikirləri siyasi arenaya təsir etsin. Amma yəqin ki, belə ümumi işə ziyan olan çıxışlarına görə Rəsul Quliyevin üzvlük məsələsi Milli Şurada baxılacaq. Çox güman ki, o Milli Şuradan xaric olunacaq. Mən də Milli Şuranın üzvü kimi onun xaric olunmasına səs verəcəyəm”.
T. Abbaslı qeyd edib ki, eks-spiker yeni liderlərin ortaya çıxma məsələsini dilə gətirməklə Milli Şuraya şərt qoyur: “Ötən Milli Şuranın iclasında da Cəmil bəy ALP sədri Əvəz Temirxana cavab olaraq dedi ki, kimsə Milli Şura ilə şərtlə danışa bilməz. Bu, Rəsul Quliyevə də aiddir. Gəncləşdirmə siyasəti təbii şəkildə baş verməlidir. Yəni gənclər özləri önə çıxmalıdırlar. Mən də siyasətin gəncləşməsinin tərəfdarıyam. Amma “hamını silək, yenidən başlayaq” düşüncəsini qəbul etmirəm. Gənclərin gücü varsa, önə keçə biləcək, yoxdursa, deməli, bu postlara layiq deyil. Milli Şurada gənclərlə yaşlılar arasında heç bir problem yoxdur. Rəsul Quliyev bunu gənclərin dəstəyini qazanmaq üçün deyir”.
İlkin PİRƏLİ