
“Kommunal sahə qeyri-rentabelli işləyir”. Kommunal xidmətlərin artırılması ilə bağlı məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc belə deyib.
Modern.az-ın məlumatına görə, deputat bildirib ki, 2007-ci ildə kommunal xidmətlərin artırılması ilə bu sferanın rentabelli işləyəcəyi düşünülürdü. Amma bu baş verməyib. Z.Oruc onu da bildirib ki, hər dəfə kommunal tariflərin bahalaşması fonunda əlavə vəsaitlər əldə olunması düşünülür. “Parlamentin büdcə müzakirələrində qaldırdığım əsas məsələ komitədə aparılan müzakirədən qaynaqlandı. Çünki maliyyə nazirinin hər bir cümləsi və fikri üzərində proqnoz edən və ya təhlil aparan parlamentarilərin çıxardığı fikir bundan ibarət oldu ki, kommunal tariflər qaldırılacaq. 2007-ci ildə kommunal tariflər artırıldıqda məqsəd bəlli idi. İndi isə ortada tam mənzərə olmalıdır ki, nə üçün “Azərenerji” 4 milyard kub metrə qədər qaz sərf etsə də, səhmdar cəmiyyət qeyri-rentabelli işləyir. Onların 400 milyondan artıq vergi borcu var. Digər ödənişlərdə də bu problemlər qalmaqdadır. Hökumət düşünür ki, orta təbəqənin və imkanlı şəxslərin vəsaitlərini almaq olar. Ancaq aztəminatlı insanların vəziyyəti necə olacaq? Çünki tariflər eyni dərəcədə qaldırılacaq. Mən bildirdim ki, “Bayva” və “Barmek”in acı təcrübəsini nəzərə alıb, enerji sektorunun idarəetməyə verilməsi elə də, yaxşı addım deyil. Əgər hökumət bu sahədə ağır yüklərdən azad olmaq istəyirsə, o sahədə idarəetmə və hətta özəlləşmə tədbirlərinə getməlidir”.
Millət vəkili başqa bir məsələnin müəllimlərlə bağlı olduğunu bildirdi. Onun sözlərinə görə, məktəblərdə kişi müəllimlərin olmamasının mənfi tərəflərini hərbi sferada görünür. “Milli Məclisdə deyilmişdi ki, özəl məktəblərdə çalışan müəllimlər necə olacaq? Qeyd edildi ki, onlara dövlət qulluqçusu statusu veriləcək. Mənə elə gəlir ki, bu normaldır. Məktəblərimizdə 93 faiz qadın çalışır. Bu özlüyündə problemdir. Məktəblərdə kişi müəllimlərinin yoxluğununun mənfi tərəflərini hərbi sferada görə bilirik. Ona görə də mən bir daha bu məsələyə qayıdıram ki, dövlət qulluğu haqqında olan qanuna bir daha baxılsın. Bəlkə kişi müəllimlərimiz geri qayıda bilər”.
Z. Oruc rayonlara verilən dotasiyalar çox ciddi problemlər yaratdığını vurğulayıb. “Rayonlara 1.6 milyard dolar vəsait ayrılır. 750 milyon manat yerli gəlirlərdir. İri vergi ödəyiciləri birbaşa paytaxta yönəlir. Azərbaycanın cəmi 5 rayonunu çıxmaqla, geridə qalan bütün rayonlar bu qədər büdcədən vəsait götürürlər. Tovuz və ya Cəlilabadın götürdüyü vəsait Ağdama bərabərdir. Bunlar axı işğaldan kənardadır. Doğrudanmı bunlarda hansısa sahibkarlıq fəaliyyəti yoxdur? Elə hesab edirəm ki, bölgələrə iqtisadi müstəqilliyin verilməsi o problemi qarşılamaqda mühüm mənbədir”. Zahid Oruc onu da bildirdi ki, digər bir məsələ də ticarət mərkəzlərində olan durumla əlaqədardır.
“Mən İqtisadi İnkişaf Nazirliyinə çağırış etdim. Hesab edirəm ki, çox ciddi məsələdir. Kütləvi ticarət mərkəzlərində baş verən özbaşınalıqlar, hüquqsuzluq bir tərəfdən sahibkarlıq fəaliyyətinə zərbədir. İkinci ölkənin ümumi qiymət siyasətinə təsir edir. Sanki vəsaitlər şəxsi ayrı-ayrı insanların cibinə gedir. Sədərək, Sumqayıt və ayrı-ayrı hadisələrə diqqət yetirək. Bazar tikilir və hansısa müqavilə yoxdur, özəl olaraq ona satılmır. Sanki, orada feodal münasibətləri hökm sürür. Kimsə etiraz edirsə, dərhal yandırma əməliyyatı gerçəkləşir. Bu baş verən hadisələrin qısaqapanmadan baş verdiyinə inanmıram. Bu kimlərisə çəkindirmək yollarıdır. Hətta, bir sıra hallarda aparılan bir savaşın elementidir. Ona görə də, İqtisadi İnkişaf Nazirliyi həmin qurumlarla və ya hüquqi şəxslərlə birbaşa danışıqlar aparıb sahibkarların hüquqlarını müdafiə etməlidir. Oranın gerçək sahibinə çevrilməlidirlər. Mənim mövqeyim yanğına yox, yanğınları törədən səbəbi məhz Nazirlik tərəfindən aradan qaldırılmasına dairdir”.
Aytən ƏLİYEVA