
Milli Məclisin axşam iclasında deputat Elmira Axundova ölkədə qanunların icrasına nəzarət üzrə komissiya yaradılmasını təklif edib. Modern.az bildirir ki, E.Axundova çıxışı zamanı parlamentin qəbul etdiyi qanunların icra mexnzmindən şikayətlənib. Deputat bildirib ki, qanunların icrası ölkədə zəifdir və bunların icrası üçün xüsusi komissiya yaradılmalıdır.
Milli Məclisin sədri Oqtay Əsədov deputatın bu gözlənilməz təklifindən təəccüblənib və bildirib ki, dövlətin bununla bağlı müvafiq strukturlar var. “Bizdə qanunverici və icra orqanı var. Heç bir komissiyaya ehtiyac yoxdur”-deyə spiker vurğulayıb. E.Axundova “xuruşşovka” adlandırılan binaların sökülməsinin vacibliyini bildirib. “Rusiya və Ukraynada artıq bu binaların sökülməsi başa çatır”.
Deputat həmçinin yerli icra hakimiyyəti orqanlarında çalışan baş mütəxəssislərin əmək haqlarının azlığından şikayətlənib. “Onlar mərkəzi icra orqanlarında çalışan baş mütəxəssislərdən iki dəfə aşağı əmək haqqı alır. Həmin şəxslərin əmək haqlarını artırmaq lazımdır”.
Aytən Əliyeva