“Seçkidən əvvəl də hakimiyyətdə hazırkı iqtidar idi. Ona görə seçki saxtalaşdırıldı. Özlərinə lazım olan nəticəni də aldılar”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin sabiq müavini, Bakı Dövlət Universitetinin (BDU) dosenti İbrahim Vəliyev deyib.
Keçmiş cəbhəçinin fikrincə, müxalifət seçkidə bütün lazımi addımları atıb: “Müxalifətin mübarizə aparmasına baxmayaraq nəticə olmadı. Kimə şikayət edəsən? Mərkəzi Seçki Komissiyasına? O dövlət idarəsinin bir qoludur. Məhkəmələr də ki müstəqil deyil. Ona görə yalnız beynəlxalq təşkilatlara müraciət etmək lazımdır. Bilirsiniz ki, onların bir qismi reaksiya vermədilər, bir qismi də tənqidlə kifayətləndi”.
İ. Vəliyev deyib ki, seçkidə məğlubiyyət müxalifət daxilində gedən dartışmalar deyil: “Əsas seçki mühitinin demokratik olmama]ı idi. Belə düşünürdüm ki, həmin şəraitdə seçkiyə getmək olmaz. Çünki əvvəlcədən nəticəni bilib, seçkidə iştirak etmək prosesə demokratik don geyindirməkdir. Bu məsələlər biz şəraiti dəyişənə qədər davam edəcək. Şərait dəyişilməsə, həmişə seçkidə iştirak etmək məğlubiyyətlə nəticələnəcək. Yaxud da onların arzusundan asılı olaraq sən hansısa yer ala bilərsən. Bu, parlament və ya başqa yerlər ola bilər. Atalar deyib, Allahına qarşı çıx, Allah bağışlayandır, amma xalqına qarşı çıxma, xalq heç vaxt bağışlamır. Müxalifət isə hələ xalqa qarşı çıxmayıb”.
İlkin PİRƏLİ