Modern.az

Bəxtiyar Əliyev Milli Məclisdə müəllim və həkimlərin müdafiəsinə qalxdı

Bəxtiyar Əliyev Milli Məclisdə müəllim və həkimlərin müdafiəsinə qalxdı

13 Noyabr 2013, 18:14

Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsinin müzakirələrində çıxış edən parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev elm, təhsil və səhiyyə sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsi məsələsinə toxunub.
Modern.az saytının məlumatına görə, B.Əliyev deyib ki, 2014-cü ilin dövlət büdcəsi mükəmməl hazırlanıb, real iqtisadi proqnozlara və rəqəmlərə əsaslanır: “Proqnozlar nəinki bu ili eyni zamanda qarşıdakı 2-3 ili əhatə edir. Bu da çox müsbət haldır. Ən başlıcası  istiqamətlərdən biri müxtəlif sahələrə investisiya qoyulmasıdır. İndiyədək iqtisadiyyatın ayrı-ayrı sahələrinə böyük həcmdə investisiya yatırılıb və bu da müsbət nəticələr verir, iqtisadiyyat inkişaf edir, ölkə güclənir”.

B.Əliyev bildirib ki, Milli Məclisdə, mətbuatda Azərbaycanın səhiyyəsi və təhsili haqda səsləndirilən fikirlərin hər hansı əsası yoxdur: “Kimlərsə iddia edir ki, Azərbaycanda səhiyyə, təhsil inkişaf etməyib, yaxşı həkim, müəllim yoxdur. Bu tamamilə səhv yanaşmadır. Azərbaycanda çox gözəl həkimlər, müəllimlər, iqtisadçılar, mühəndislər var. Eyni zamanda başqa sahələrdə də yaxşı mütəxəssislərimiz formalaşıb. Səhiyyə, təhsil sahəsinə böyük həcmdə investisiyalar qoyulub və uğurlu nəticələr əldə olunub. Bütün bunlarla yanaşı, səhiyyə və təhsil sahəsində çalışanların sosial müdafiəsi gücləndirilməlidir. Bu problem nəhayət ki, öz həll olunmalıdır. Səhiyyə və təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi günün ən vacib məsələsidir. Bu sahələrdə hər hansı ixtisardan söhbət gedə bilməz, bu problemin həlli deyil. Proqramlar hazırlanmalı, islahatlar həyata keçirilməli və məsələ bun formada həll edilməlidir”.

Komitə sədrinin müavini hesab edir ki, Azərbaycanda insan kapitalının formalaşdırılmasına böyük həcmdə investisiya yatırılmalıdır: “Prezident İlham Əliyev bir neçə dəfə deyib ki, maddi kapitalın insan kapitalına çevrilməsi üçün bütün imkanlardan istifadə olunmalıdır. İnkişaf etmiş bütün ölkələrdə insan kapitalının yaradılmasına böyük investisiya yatırılır. Çünki bu sahəyə qoyulan investisiyalar 6-8 dəfədən artıq gəlir əldə olunmasına imkan verir. Ona görə də qarşıdakı illərdə insan kapitalının formalaşdırılması məsələsinə iqtisadiyyatın əsasını təşkil etməlidir, bu sahəyə ciddi diqqət ayrılmalıdır və qoyulan investisiyalar 5-7 dəfə artırılmalıdır. Azərbaycanda oturuşmuş iqtisadiyyat var və biz növbəti mərhələ haqda fikirləşməliyik. Növbəti illərdə büdcə layihəsi hazırlananda əsas investisiya insan kapitalının formalaşdırılmasına yönəldilməlidir. Çünki insan kapitalının formalaşdırılması elə elm, təhsil, səhiyyə və innovasiyaların inkişafı deməkdir”.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır