Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev müzakirəyə təqdim edilən 2014-cü ilin büdcə layihəsi barədə danışarkən deyib ki, qanun layihəsi ölkənin sosial-iqtisadi inkişafına hesablanıb və mövcud şərait əminliklə deməyə imkan verir ki, gələn il üçün verilən proqnozlar özünü doğruldacaq.
Modern.az-ın məlumatına görə, deputat deyib ki, əvvəlki illərdə gözlənilən müsbət göstəricilər laqyihədə əks olunub. Bunlar qeyri-neft sektorunun ÜDM-də və büdcədə payının artması, regionlara ayrılan dotasiyaların azalması və s.-dir.
A.Quliyev bəzi təkliflər də irəli sürüb. O, deyib ki, hökumət aztəminatlı təbəqəyə verilən ünvanlı sosial yardımın səmərəlilik və davamlılıq əmsalına yenidən baxmalıdır:
Təklif edirəm ki, bu pullar bir fondda cəmləşsin və əhalinin gündəlik ehtiyaclarını qarşılamaq üçün yox, onların kiçik sahibkarlıqla və ya təsərrüfatla məşğul olması məqsədilə verilsin. Umumi hesablasaq, görərik ki, son 7 ildə 1 milyard manata yaxın vəsait sadəcə yardım olaraq əhaliyə verilib və insanlar bir növ bu yardıma adətkar olublar. Əgər bu pullar konkret iş üçün verilsə, o zaman əhalinin həm məşğulluğu artar, həm də vəsait daha rasional xərclənər. Beləliklə davamlılıq və qalıcılıq təmin olunar.
Hətta gələcəkdə bu fond vasitəsilə əhalinin az təminatlı hissəsinə faizsiz kreditlərin verilməsini də təmin edilə bilər”.
Deputat təkilf edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi bütün sosial xidmətləri bu sahədə ixtisaslaşmış QHT-lər arasında şəffaf tender keçirməklə onlara vermək lazımdır. “Bütün inkişaf etmiş ölkələrdə çoxdandır ki, dövlət sosial sahədə göstərdiyi xidmətlərdən imtina edərək bu işi QHT-lərə həvalə edib”.
A.Quliyev mənzil-kommunal təsərrüfatı sahəsində də islahatların vacibliyini vurğulayıb.
“Bu sahədə də ciddi islahatlara ehtiyac var. Lift idarəsi, məişət tullantılarının daşınması, istilik təchizatı və bu kimi digər mənzil kommunal təsərrüfatına daxil olan xidmətlər bələdiyyələrə verilməlidir və Mənzil-Kommunal təsərrüfat birlikləri (“JEK”) başda olmaqla bu xidmətləri təşkil edən qurumlar ləğv edilməlidir. Onlara ayrılan vəsaitlər bələdiyyələrə verilsin”.
Modern.az