
“Mən həqiqətən də Nəqliyyat Nazirliyinin nəzdində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyətini tənqid etmişəm. Şəhərdə tıxac probleminə səbəb olan faktlardan biri də işıqforların bəzən işləməməsi, bəzən də tez yanıb sönməsi, bəzi yerlərdə isə ehtiyac olmadan işıqforun sarı işığının aramsız olaraq yanıb sönməsidir. Bunları tez və operativ tənzimləmək üçün, işıqforlara nəzarət və tənzimləməni Dövlət Yol Polisinə tabe olunmasını təklif etmişəm”.
Modern.az xəbər verir ki, bu sözləri millət vəkili Çingiz Qənizadə paytaxt yollarındakı problemlərdən danışarkən deyib.
“Çünki bəzən qeyd etdiyim işıqfor problemi ilə əlaqədar DYP əməkdaşlarının nə qədər əziyyət çəkdiklərinin şahidi oluruq. Bu mənim təklifimdir və inanıram ki, müvafiq qurumlar bu təklifi müzakirə edəcəklər. Amma çox təəssüf ki, bəzi mətbuat orqanları mənim təklifimi iki nazirlik arasında gedən səlahiyyət savaşı kimi təqdim etməklə məsələni başqa səmtə yönəltməyə üstünlük vermişlər. Qeyd etmək istəyirəm ki, mənim təklifimlə bağlı hər iki nazirlik yalnız mənim
mətbuatda çıxışımdan sonra məlumatlı olmuşlar. Millət vəkilinin şəxsi fikirlərini nazirliklərarası səlahiyyət davası kimi təqdim etməklə əslində mətbuat mövzunu hamımızın yaşadığı tıxac probleminin həlli yollarından başqa səmtə çevirməklə bu problemin həlli yollarının tapılmasına mane olurlar”.
Modern.az