“İctimai Palatanın (IP) Koordinasiya Şurasında dönəm sədri İsa Qəmbərdir. Toplantıda “İctimai-siyasi vəziyyət və İctimai Palatanın vəzifələri” adlı məsələ müzakirə olundu. İP-in perspektivləri ilə bağlı fikirləri bölüşdük. Müzakirələrin yekunu olaraq, hakimiyyətin mətbuata qarşı basqısını pisləyən bəyanat qəbul olundu”.
Bunu Modern.az-a İctimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusubov deyib.
İP-in buraxılması ilə bağlı məsələyə münasibət bildirən qurum wzvü qeyd edib ki, Koordinasiya Şurası İP-in sessiyasına aid olan məsələləri müzakirəyə çıxara bilər: “Təbii ki, bununla bağlı yekun qərarı sessiya verməlidir. Yəni Koordinasiya Şurasında qərar qəbul oluna bilməz. Olarsa da, tövsiyyə xarakterli ola bilər. Bu toplantıda İctimai Palatanın taleyi ilə bağlı müzakirələr aparılmayıb”.
Ə.Yusubov deyib ki, qurumun sessiyasının keçirilməsi ilə bağlı qərar qəbul olunub: “Növbəti sessiyanın keçirilməsi ilə bağlı müəyyən fikirlər oldu. Nəzərdə tutuldu ki, növbəti yığıncaqdan sonra sessiya çağırılsın. Amma hələlik sessiyanın vaxtı bəlli deyil”.
Qeyd edək ki, toplantıda Koordinasiya Şurasının üzvləri Mirvari Qəhrəmanlı, Aqil Səmədbəyli, Rahim Hacıyev və Əli Kərimli iştirak etməyiblər
İlkin