
Milli Məclis 3-cü gündür ki, büdcə müzakirələrini davam etdirir. Modern.az xəbər verir ki, hökumət nümayəndələrinin iştirak etdiyi bugünkü iclasda Oqtay Əsədov bildirib ki, 2 gün ərzində 43 deputat və 4 hökumət nümayəndəsi çıxış edib.
Bu gün müzakirələrə qatılan deputat Sabir Rüstəmxanlı bildirib ki, kənd təsərrüfatı Azərbaycanın əbədi və əzəli gəlir qaynağıdır. “Bizdə sahibkarlar əvəzinə sahiblənmək var. Kimlərsə hansı sahəyə sahiblənibsə, ora başqasının yol tapması mümkün deyil. Bizdə rəqabət yoxdur, rəqiblərin yolu bazara gəlməmiş bağlanır. Bazar iqtisadiyyatı yox, “bazarkom iqtisadiyyatı” var. Ona görə də Azərbaycanda siyasi dözümsüzlük yox, iqtisadi dözümlülük var. Azərbaycanda gedənlər iş yerləri tapa bilmir. Hər sahənin öz inhisarı, öz ağası var və ora girmək mümkün deyil. İqtisadiyyat meyvə ağacıdır, o hər zaman bar verir və buna imkan yaradılmalıdır”.
Spiker Oqtay Əsədov deputatın çıxışına etiraz edib: “Sabir sən əvvəl tərif deyirsən, sonra tənqidi fikirlər yürüdürsən. Mən bilirəm sən niyə belə edirsən”.
S. Rüstəmxanlı isə parlament sədrinə cavab verməkdə yubanmayıb: “Çox gözəl bilirsiniz ki, mən nədən danışıram. Hər hansı adam kiçik müəssisəni qeydiyyata almaq üçün özü boyda kağız təqdim etməlidir. Onlar vergidən kənarda işlər görə bilmirlər. Bu sahədə normal şərait yaradılmalıdır. Xarici tələbələrin Azərbaycanda oxunması üçün fond yaradılmalıdır. 1 milyon manat lazımdır ki, 500 tələbə burada oxusun. Buna maliyyə nazirliyi nəzərə alsa, yaxşı olar”.
Aytən Əliyeva