
“Sumqayıtın sosial infrastrukturu çox zəifdir, sovet vaxtı tikilib və bu günün tələbatına cavab vermir”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən deputat Muxtar Babayev deyib. “Sosial infrastruktur mütləq dövlət proqramlarında əks olunmalıdır. Sumqayıtda yataqxana problemi var. Keçmiş Sovet İttifaqı vaxtında müvəqqəti yaşayış üçün tikilmiş yataqxanalarda indi 25-30 min nəfər yaşayır. Bu Sumqayıtın ümumi əhalisinin 8-10 faizidir. Yataqxanalarda əsaslı təmir işləri aparmalıdır”, – deyə Muxtar Babayev bildirib. Deputat onu da qeyd edib ki, Sumqayıt şəhəri özünü dolandırma sxemləri ilə bu yataqxanaların təmirini öz üzərinə götürə bilməyəcəyik. “Çünki nə özəl biznes var, nə də bura maliyyə ayırması mümkündür. Şəhərə miqrasiya artır. Qeyri-rəsmi məlumata görə, bu gün Sumqayıtda 4 yüz mindən artıq adam var. Burada qocalar evinin tikilməsi və istismara verilməsi vacibdir. Bu uzun müddət gündəmdədir”.
Modern.az