
Milli Məclisin bu günkü plenar iclasında deputat Fuad Muradov ipoteka vəsaitləri ilə bağlı məsələ qaldırıb. Millət vəkili bildirib ki, hazırda bu vəsaitlər azaldıla bilməz. “Düşünürəm ki, indiki mərhələdə ipotekanın azalmasına yol verə bilmərik. Xahiş edirəm ki, hökumət bu məsələyə baxsın”. Bu gün gənclərin mənzil məsələsini “bir nömrəli məsələ” adlandıran F. Muradov qeyd edib ki, Azərbaycanın mentalitetində evə ailəyə bağlılıq məsələsi olduğu üçün ev məsələsi ən prioritet məsələlərdəndir. “Hətta işdən də əvvəl mənzil məsələsi gəlir. Bu məsələni diqqətdə saxlamaq lazımdır”-deyə deputat vurğulayıb.
Deputat 2014-cü ilin büdcəsinə səs verəcəyini bildirib.
Fuad Muradov təqdim edilən büdcənin çox mükəmməl hazırlandığını deyərək bunu “uğurlu büdcə” adlandırıb. “Büdcənin həyata keçirilməsində daha böyük uğurlar olacaq və bu uğurlar birbaşa prezident İlham Əliyev və onun komandası ilə bağlıdır. Bu gün Azərbaycanda həyata keçirilən siyasət çox böyük dövlətlər üçün bir nümunə olub və indiki iqtisadi və maliyyə böhranı sahəsində Azərbaycanda həyata keçirilən bu islahatlar ancaq alqışlanır”.
Deputat bildirib ki, Azərbaycan büdcəsində biz bu gün ən müsbət cəhət Dövlət Neft Fondundan transferlər 17,7 faiz azalmasıdır. “Bu da əslində Azərbaycan büdcəsini digər neft gəlirlərinin həyata keçirilməsi üçün böyük imkanlar verəcək. Eyni zamanda beynəlxalq maliyyə və valyuta təşkilatları ilə iş davam olur”.
Deputatın sözlərinə görə, istər Beynəlxalq Valyuta Fondu və beynəlxalq dünya bankı ilə həyata keçirilən tədbirlər davam edir. “Bu da Azərbaycanın dünya siyasətinə inteqrasiyasını daha da sürətləndirir. Düşünürəm ki il ərzində həyata keçirilən maliyyə siyasətinin eyni zamanda müxtəlif sahələr üçün yaxşı nəticə doğuracaq”.
F. Murdov qeyd edib ki, təhsillə bağlı həyata keçirilən islahatlar dəstəklənir. “Biz buna öz töhfəmizi verməliyik. Söhbət təkcə məktəblərdən, məktəbəqədər müəssisələrdən deyil, ali təhsil müəssisələrindən də gedir. Düşünürəm ki, bu istiqamətdə islahatlar vacibdir”. Deputat universitetlərin müstəqil fəaliyyəti ilə bağlı müzakirələrə toxunaraq bildirib ki, bu addım da aparılan islahatların tərkib hissəsi olmalıdır.
“Əgər universitetlər daha çox müstəqillik istəyirsə onlar müstəqil maliyyə siyasəti həyata keçirməlidirlər. Bununla bağlı dövlət öz addımlarını ata bilər”. Millət vəkili həmçinin ali məktəblərin yataqxanaları ilə bağlı məsələyə toxunub və bunu “ciddi problem” adlandırıb. “Xahiş edirəm ki, buna xüsusi diqqət ayrılsın. Hətta bizim regionlarda olan ali məktəblərin yataqxanası olmadığı üçün bir çox gənclər çalışırlar ki Bakıya gəlib burada oxusunlar. Burada da eyni problemlə üzləşirlər. Xahiş edirəm ki, yataqxanaların və ümumiyyətlə ali məktəblərin ətrafında olan obyektlər diqqət yetirilsin”.
Deputat həmçinin bildirib ki, kənd təsərrüfatı ilə bağlı üzləşdiyimiz problemlər var və bu gün də bu mövcuddur. “İnsanlar öz məhsullarını sata və bazara çıxara bilmirlər. Bəzi hallarda saxlanma yerlərinin olmamağı problem yaradır. Ona görə düşünürəm ki, bu istiqamətdə iş gücləndirilməlidir”.
F.Muradov Səbail rayonunda yolların işıqlandırılmaması ilə bağlı problemi də qaldırıb .
Xaqani Səfəroğlu