“Milli Şuranın strukturları yenidən qurulmalı, işləməyən komissiyaların vəziyyətinə baxılmalıdır. Əvvəl komissiyalar yaradılmışdı, o komissiyaların da əksəriyyəti, demək olar, fəaliyyət göstərmir. İclaslarda iştirak etməyən şəxslər qurumdan kənarlaşdırılmalıdır. Onların yerinə quruma üzv olmaq istəyənlər qəbul etmək lazımdır”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü Köçəri Nağıbəyli deyib. O, qurumda həmsədrlik institutunun yaradılmasının tərəfdarı olduğunu bildirib:
“Rüstəm İbrahimbəyov bu və ya digər səbəbdən ölkəyə gələ bilmirsə, Cəmil Həsənli onun səlahiyyətlərini icra etməlidir. Ümumiyyətlə, iki ziyalının Milli Şuraya rəhbərlik etməsinə normal yanaşıram. Bilirsiniz ki, Milli Şurada təmsil olunan siyasi partiyalar çoxdur və həmin partiyalardan hansınınsa nümayəndəsinin rəhbərliyə gətirilməsi başqa partiyaları qıcıqlandıracaq. Amma ziyalılar heç bir təşkilata üzv olmadıqlarına görə bu məsələdə problem yaşana bilməz”.
K. Nağıbəyli qeyd edib ki, Milli Şurada həmsədrlik institutunun yaradılması siyasi təşkilatları narazı salmamalıdır: “Milli Şura yarananda bildirildi ki, qurum keçid dövrü üçün nəzərdə tutulub. Həmin vaxt qərara alındı ki, quruma bu müddət ərzində ziyalı rəhbərlik etməlidir. Rüstəm İbrahimbəyov ölkədə olmadığına görə Cəmil müəllimin namizədliyini irəli sürdük. Bu fonda mübarizəmizi hələ də davam etdiririk”.
İlkin