
Millət vəkili Fazil Mustafa Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcəsinin müzakirəsi zamanı ölkədə maaş sisteminə toxunub.
“Prezidentin maaşı 15 min manatdır, ondan sonra gələn ali dövlət qurumlarının rəhbərləri heç olmasa bu məbləğin 3-də 2-sini alsınlar. Hakimiyyət bölgüsündən söhbət gedirsə, əməkhaqlarında bu qədər fərq qoyulmamalıdır”.
Modern.az-ın məlumatına görə, deputatın iradlarına parlament sədrinin birinci müavini Ziyafət Əsgərov etiraz edib. “Fazil müəllim, siz dediniz prezidentin maaşı 15 min manatdır, amma deyim ki, prezidentin maaşı sizin dediyinizdən iki dəfə azdır”.
Qüdrət Həsənquliyev də prezidentin maaşı ilə bağlı deyilənlərə toxunub. “Prezident 15 min manat alır, 7 min manatı eks-prezidentlər alır”.
Üstəlik, Qüdrət Həsənquliyev təklif edib ki, Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilsin. “Yaxşı olardı ki, ali qanunverici orqanın rəhbəri prezidentin əmək haqqısının 60 faizi qədər maaş alsın”.
Modern.az