Modern.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, “Dünya Türk Gənclər Birliyi” İctimai Birliyi və Media Sənət Akademiyasının birgə layihəsi olan “Azərbaycanı Kəşf Et” adlı 3 dildə dərc olunmuş kitabların və eyni adlı multimedia və internet portalının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Prezident Administrasiyası rəsmiləri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri və başqa tanınmış simalar iştirak edib.
Mərasimdə çıxış edən Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev kitabın ölkəmizi daha yaxşı tanıdacağını bildirib. O, qeyd edib ki, əvvəl Azərbaycana gələn turistlər ölkə haqqında elə də geniş məlumata sahib deyildilər. “İndi isə onlar bu kitab vasitəsi ilə Azərbaycanın hər bir bölgəsi haqqında maraqlı məlumatlara yiyələnə bilərlər”. Tədbirdə iştirak edən Əbülfəs Qarayev də kitab haqda müsbət rəy bildirdi. O, qeyd etdi ki, hər il Azərbaycana gələn turistlərin sayı daha da artır. “Əgər 2001-ci ildə gələn turistlərin sayı 400 min nəfər idisə, indi bu rəqəm 2 milyon nəfərə çatıb. Gələn il bu rəqəmin 3 milyon olacağını ümid edirik. Bu kitab sayəsində turistlər Azərbaycanı daha yaxşı tanıyacaqlar”. Sonda kitabın müəllifi jurnalist Aynur Talıbova öz kitabına göstərilən marağa görə hər kəsə minnətdarlığını bildirib.
Ulduz İBRAHİMOVA