Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Maştağadakı məscidin qarşısında Aşura mərasiminə gələn iki azyaşlı qızın maşınla vureulması xəbərini təkzib edib. Bununla bağlı Modern.az-a verilən rəsmi məlumatda deyilir:
”Bəzi kütləvi informasiya vasitələrində bu gün səhər guya, Maştağa qəsəbəsində Aşura mərasimlərində iştirak edən və azyaşlı kimi təqdim olunan iki qızın məscidin qarşısında maşınla vurulduğu və nəticədə hər ikisinin həlak olduğu barədə informasiya yayılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olub ki, sözügedən hadisə məscidin qarşısında yox, Maştağa qəsəbəsinin yaxınlığında yol kənarında baş verib. Hadisə zamanı vəfat edənlər ziyarət məqsədilə yola çıxmış 1994-cü və 1991-ci il təvəllüdlü Bakı şəhəri, Bakıxanov qəsəbə sakinləri olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”.
Dövlət Komitəsinin açıqlamasında həlak olmuş vətəndaşlarımızın yaxınlarına başsağlığı verilir. Allah rəhmət eləsin.
Modern.az