OPEK-in proqnozlarına görə, Azərbaycanda neft və qaz-kondensat hasilatı 2015-ci ildən 2018-ci ilədək sutkada 1 milyon barel həcmində olmaqla sabit səviyyədə qalacaq. Trend-in məlumatına görə, bu barədə OPEK-in saytında dərc olunan illik neft hasilatı icmalında deyilir.
Hesabatda qeyd olunur ki, Azərbaycanda iri karbohidrogen hövzəsi Xəzərdə offşor zonada yerləşir: “2010-cu ildə maye karbohidrogen hasilatının sutkalıq 1,07 milyon barel həcminə çatan Azərbaycan istehsalın azalmasına şahidlik edib. Belə ki, OPEK-in hesabatına görə, 2011-ci ildə bu göstərici sutkada 0,95 milyon barel, 2012-ci ildə isə 0,9 milyon barel olub”.
2013-cü ildə OPEK ölkədə neft və qaz-kondensat hasilatının sutkada 0,85 milyon barelə yaxın, 2014-cü ildə isə 0,9 milyon barel səviyyəsində olacağını proqnozlaşdırır.
2018-ci ilədək maye karbohidrogen hasilatının sutkada 1 milyon barelə qədər artacağı proqnoz edilir.