Modern.az

ARDNŞ və BP 3 əməkdaşlıq sənədi imzalayıb

ARDNŞ və BP 3 əməkdaşlıq sənədi imzalayıb

14 Noyabr 2013, 20:58

Bu gün ARDNŞ, "BP-Azərbaycan" şirkəti və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi” mövzusunda tədbir keçirilib.

Modern.az ARDNŞ-in rəsmi saytına istinadən məlumat verir ki, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və digər rəsmi şəxslər iştirak etdiyi  tədbirdə

neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi üzrə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında təqdimat nümayiş etdirilib.

Rövnəq Abdullayev bildirib ki, gənc neftçi mütəxəssislərin hazırlanması, kadr potensialının cavanlaşdırılması və müasirləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. O istedadlı gənc mütəxəssislərin yetişdirilməsi, təhsildə fərqlənən tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi istiqamətində həyata keçirilən işlər haqqında danışıb.

 R.Abdullayev bildirib ki, Azərbaycanda əmək bazarının hüquqi əsaslarının qorunması, miqrasiya qanunvericiliyinə əməl edilməsi neft-qaz sektorunda çalışan əcnəbi şirkətlər üçün mütləq şərtlərdən olmalıdır. ARDNŞ strateji istiqamətdə neft-qaz sektoru kontingentinin milliləşdirilməsini, neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün lazım gələn mütəxəssislərin Azərbaycanda, daxili qüvvələr hesabına hazırlanmasını əsas hədəf götürüb: “Xüsusi vurğulamaq istəyirəm ki, Hasilatın Pay Bölgüsü sazişləri və tərəfdaşlarla bağlanmış digər saziş və razılaşmalara əsasən həyata keçirilən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi, bu məqsədlə təlim-tədris proseslərinin təşkili, tərəfdaşlarla iş birliyinin yaradılması və inkişaf etdirilməsi, bu sahələrdə məlumatların qarşılıqlı mübadiləsi və s. bu kimi digər məsələlərin həllinə nəzarət gücləndiriləcək”.

Tədbirdə çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Q.Birrell bildirib ki, ARDNŞ və digər əlaqədar dövlət qurumları ilə birgə Azərbaycanda neft və qaz sahəsində ixtisaslaşan yerli işçi qüvvəsinin inkişafına yönəlmiş səyləri birləşdirməyə imkan verəcək uzunmüddətli strategiyanın razılaşdırılması istiqamətində işlər aparılır. Onun szğlərinə görə, həm hökumət, həm də BP və onun tərəfdaşları layihə və əməliyyatlara cəlb olunan işçi qüvvəsinin böyük əksəriyyətinin azərbaycanlı kadrlar olmasında maraqlıdır. Q.Birrel qeyd edib ki, bu gün imzalanan sənədlər tərəfləri ortaq istəklərin gerçəkləşməsinə daha da yaxınlaşdırır.

Tədbirdə sənədlərin imzalanması mərasimi keçirilib. Mərasimdə BP və ARDNŞ arasında 3 əməkdaşlıq sənədi- “BP-nin idarə etdiyi layihələrə cəlb edilmiş kadrların milliləşdirilməsi sahəsində əməkdaşlığa dair ARDNŞ və BP arasında protokol”, “Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsinin təlimi sahəsində əməkdaşlıq barədə ARDNŞ ilə BP arasında anlaşma memorandumu” və “Bakı Ali Neft Məktəbində təhsil sahəsində əməkdaşlığa dair ARDNŞ ilə BP arasında anlaşma memorandumu” imzalanıb.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır