Modern.az

Gənc nəslin düşüncəsi: Problemləri necə həll etməli? - SORĞU

Gənc nəslin düşüncəsi: Problemləri necə həll etməli? - SORĞU

15 Noyabr 2013, 11:49

“Gənc nəsil – gənc fikirdir” deyirlər. Yəqin ki, gənclərin bir çoxunun nəyisə özünəməxsus şəkildə dəyişdirmək, daha azad, qınaqsız, yaşamaq istəyi var.

Modern.az olaraq gələcəyin qurucularını “Hansı problemləri var və gələcəkdə nəyi dəyişmək istəyərdiniz” sualı ilə sınağa çəkdik.

Gənclər Evinin PR meneceri Nərmin Kərimli Azərbaycanda olan əsas problemin təhsil və işlə bağlı olduğunu vurğuladı. “Azərbaycan gəncliyi böyük anlayışdır. Çünki azərbaycanlı olmaq, xüsusən də gənc olmaq, həm məsuliyyətdir, həm də düzgün yararlanma bacarığıdır. Ölkəmizdə gedən müsbət dəyişikliklər, cənab prezidentin “Azərbaycan Gəncliyi 2011-2015” dövlət proqramı gənclərin sürətli inkişafına təkan vermiş və ağır maneələrin qaldırılmasına nail olmuşdur. Lakin, hər ölkənin gənclər təbəqəsinin rastlaşdığı problemlər kimi, bizim də gənclərin müəyyən problemləri var. Danılmaz həqiqətdir ki, təhsil sistemində yeni dövr başlayıb. Xaricdə təhsil alanların sayı minlərlədir. Gənclər təşkilatları, onları dəstəkləyən xüsusi yaradılmış fondlar, gənclərin problemlərinin həlli üçün fəaliyyət göstərir. Zənnimcə, bu gün Azərbaycan gəncinin ən böyük problemi ipoteka ilə bağlıdır. Düzdür müəyyən islahatlar olsa belə, bu onlardan yararlanmaq üçün kifayət deyildir. Digər ən böyük 2 problem isə, bir-biri ilə sıx olan problemlərdir ki, onları bir problem olaraq qeyd etmək istərdim. Təhsil və iş. Bu gün Azərbaycanda peşə məktəblərinin vəziyyəti heç də qənaətbəxş deyil. Çünki, bəzi gənclər hər hansısa peşə sahibi olmaq, həmin istiqamətdə işləmək istəyirsə, mütləq o yönümlü xüsusi təhsil almalıdır. Bəs görən, bu gün Azərbaycanda həqiqi fəaliyyət göstərən peşə məktəbləri varmı? Varsa belə niyə ona meylli olanların sayı azdır? Demək ki, ya keyfiyyət aşağıdır, ya da orada təhsil alanlara dırnaqarası baxılır. Ən sonda isə, mənə görə bütün problemlərin əsas mənbəyi  Qarabağ problemidir. Nə də olsa bir parçan olmayanda, nə qədər çalışırsan çalış, həmişə tamamlanmamış olacaqsan.”

Modern.az-ın əməkdaşı Pərvin Arzuqızı dövlətimizin inkişafında və uğurlara imza atılmasında gənclərin payının elə də az olmadığı düşüncəsindədir: ”Gənclərimiz inkişaf edən dövlətin və uğurla gələcəyin təməlində dayanır. Onların bacarığı və uzaqgörənliyi sayəsində bir çox problemlərimizdə getdikcə həlli yolları tapılır. Amma bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da gənclər bir sıra problemlərlə üzləşirlər. Belə ki, gənclərimiz həm təhsilin səviyyəsinin aşağı olmasından, həm də işsizlik problemindən hər zaman şikayətlənirlər. Bu gün təhsilini başa vuran gənc mütəxəssislər kənd yerlərinə gedib, orda işləməsi kimi hallara çox az rast gəlinir. Bu da əlbəttə ki, kənd psixologiyası və yaşayışın o qədər də ürəkaçan olmamasından irəli gəlir. Danılmaz gerçəklikdir ki, kənd yerlərində mütəxəssis qıtlığı yaşanır. Bu gün ölkəmizdə böyük problemlərdən biri də səhiyyənin aşağı səviyyədə olmasıdır. İnsanlar müalicə üçün xaricə üz tutur və ölkədəki həkimlərə çox zaman etibar etmirlər. Həllini tapması gərəkən vacib problemlərdən biri də budur. Ölkəmizdən xaricə oxumağa gedən gənclərin sayı kifayət qədərdir. Amma onlar nədənsə təhsillərini başa vurub, bura qayıtmaq istəmirlər. Bu ya xaricdə təhsilin keyfiyyətinin yaxşı olması, ya da orda işlə təminatın yüksək səviyyədə olması ilə bağlıdır.
Gənclərimizin hər zaman şikayət etdiyi məsələlərdən biri də ev problemləri ilə bağlıdır. Bu gün ipoteka vasitəsilə ev almaq istəyən gənclərin faizin yüksək olmasından şikayətlənir. Yüksək faiz və şərtlərin ağırlığı biz gənclərdə gələcəyə ümidsizlik yaradır. Ölkəmizdə bu kimi problemlərin həllini tapmasını istəyən gənclərin arasında əlbəttə ki, mən də varam.

AzVision.az-ın əməkdaşı Şəhanə Rəhimova isə Azərbaycan olan iş problemindən danışdı. “Peşəsindən, təhsilindən asılı olmayaraq, gənclərin bir çoxu ölkədən getmək, xaricdə təhsil almaq, orada çalışmaq və nəhayət ömürlərinin sonuna kimi orada yaşamaq istəyirlər. Mənə elə gəlir ki, bunun özü çox böyük problemdir. Əgər bu ölkənin gənci təhsildən sonra yenidən vətənə qayıtmaq istəmirsə və xaricə getmək üçün müxtəlif vasitələr axtarırsa, deməli, problemin kökü haqqında düşünmək lazımdır. Mənim özümə gəldikdə isə iş yerlərinin çox olmasını istəyərdim. Tutaq ki, bir jurnalist iş yerini dəyişmək istəyirsə, bunun üçün seçim azdır, yəni primitiv problemlərdən biri budur. Digər bir məsələ dil problemləri ilə bağlıdır. Mən özüm də daxil olmaqla, çoxumuz bir neçə dil bilgisinə yiyələnmək istəyirik, amma aldığımız məvaciblə kursların qiyməti uyğun gəlmir. Düzdür, sıxışdırmaqla bunu edə bilərsən , onda da nədənsə kasad düşürsən. Eyni sözləri xaricdə oxumaq üçün lazım olan proqramlar və s. haqqında demək olar. Belə görəndə də insan həvəsdən düşür. Bizdə olan adətlərin heç 50 faizini bəyənmirəm. İmkanım olsa idi onları dəyişərdim. Çünki çox gənc bu adətlərin "qurbanı "olur. Yaxud da geyim tərzimiz istər gənclər, istərsə də digər nəslin geyimləri məni qıcıqlandırır. Çox aqressiv, şablon , ağ-qara rəngdən başqa rəng tanımayan, yorucu geyim formalarından istifadə edilir. Bu kimi yüzlərlə problemli  halları ardan qaldırmaq istəyərdim”.

Gənc tələbə Qərənfil Sarısoy təhsilli gənclərin işsizliyindən şikayətlənir. “İlk öncə onu deyim ki, ölkəmizdə gənclərə böyük önəm verilir. Biz də gənc kimi öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Əsas öhdəliklərimizdən biri bizə verilən təhsildən səmərəli şəkildə istifadə etməkdir. Bu həm bizim, həm də ölkəmizin gələcək inkişafı üçün vacibdir. Ancaq hazırkı dövrdə yaxşı təhsil almaq hər şeyi həll etmir. Universiteti bitirən tələbələr üçün iş tapmaq olduqca çətinləşir. Ya öz sahəsi olmayan bir sənətlə məşğul olur, ya da boş-boş gəzir. Çəkdiyi əziyyətin bəhrəsini görmür. Bir tələbə kimi istəyim və arzum odur ki, gənc kadrlarımız işlə təmin oluna bilsinlər. Mənə elə gəlir ki, bu ölkəmizin gələcəyi üçün də uğurlu bir addım addımdır. Hər zaman iş ictimaiyyətində savadlı gənc kadrlara ehtiyac duyulmalı və onlara şans verilməlidir. Digər bir problem də hazırda aktual olan ipoteka krediti ilə bağlıdır. Çox istərdim ki, ipoteka krediti daha aşağı faizli olsun. Gənclər üçün güzəştli şərtlər olsa, onlar da öz aldıqları məvaciblə ev sahibi ola bilərlər. Yoxsa ömürlərinin axırına qədər kirayədə yaşamalı olurlar”.

 

Ulduz İBRAHİMOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?