Ömür nədir, yaşıl yarpaq,
Sonu nədir, qara torpaq...
Yazıma başlamazdan öncə həmkarımın bir reportajında işlətdiyi bu sözlər yadıma düşdü. Doğrudan da təbiətin bir qanunu var: bir gün gələn, bir gün də getməlidir. Amma hər kəs həyatla vidalaşanda gəldiyi dünyadan yalnız 5 metr kəfən və bir qarış torpaq aparır. Ancaq o bir qarış torpaq ölü sahibinə heç də ucuz başa gəlmir.
Bakının müxtəlif yerlərindəki qəbiristanlıqlarda müxtəlif qiymətlər mövcuddur.
İslam şəriətində qəbir yerlərinin satılması haram buyurulsa da, işbazlar buna məhəl qoymur.
Paytaxtda yaşayanların çoxları qəbir yerlərinin yerindən asılı olaraq neçəyə satılmasından xəbərdardır. Təbii ki, rəsmilər qəbir yerlərinin satılmasını etiraf etməsələr də, ölüsünü basdırmaq istəyən hər kəs qəbiristanlıqda belə, açıq bazarla qarşılaşmalı olur. Ümumiyyətlə, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb ki, artıq şəhər sakinlərinin əksəriyyəti ayrı-ayrı qəbiristanlıqlarda məzar yerinin qiymətindən də xəbərdardır.
Qeyri-rəsmi rəqəmlərə görə, ən ucuz qəbir yeri 140, ən baha 7000 manatdır. Bakının mərkəzindəki qəbir yerləri dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar. Paytaxtla müqayisədə Bakıdan kənarda qəbir yerləri nisbətən ucuzdur. Məsələn, Bakıda 200 manatdan 8000 manata qədər qəbir torpağı satılır. Bir qədər paytaxtdan kənarda yerləşən Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarındadır.
Ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-1500 manata məzar yerləri var.
Bir çoxları ailə üzvlərini nəzərə alaraq qəbir yerlərini bütöv bir ailə üçün alır. Bu səbəbdən də məzarlıqlarda torpaq sahəsi azalıb və bundan istifadə edən işbazlar qiyməti artırıb. Elə götürək Bakının Yasamal rayonu ərazisində yerləşən qəbiristanlığı. Həmin ərazidə boş qalan torpaqlar baha qiymətə satılır.
Yasamal qəbiristanlığı kimi tanınan bu məzarlıqda torpağın 2 sotu 5000-7000 manat arasında dəyişir. Onu da deyək ki, Yasamal qəbiristanlığında demək olar boş yer qalmayıb. Vaxtilə imkanı olanlar bu əraziləri hasarlatdıraraq bir növ “özəlləşdiriblər”. Odur ki, məzarlıqda ailəvi qəbirlərə daha çox rast gəlinir.
Yolu qəbiristanlıqdan düşənlər yəqin ki, son vaxtlar Bakının əksər qəbiristanlıqlarında özlərinə diri ikən qəbir yeri götürənlərin də sayı artdığını müşahidə edib. Hətta “Qurd Qapısı” qəbiristanlığında insanların öncədən qəbir yerlərini satın alaraq, adının və doğum tarixini yazdırır. Yalnız vəfat etdiyi tarix göstərilmir.
İndi hər vasitə ilə pul qazanmağa çalışanlar məzar üstünə məzar yığırlar. Uzun illərdən öncə dəfn olunan, unudulmuş və baxımsız hala düşən məzar daşları çıxarılır və həmin ərazi yenidən ölü sahiblərinə satılır.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov da paytaxt qəbiristanlıqlarında torpaq sahələrinin məhdud olduğunu söylədi. Amma qəbir yerlərinin pulla satılmasının da qadağan olduğunu bildirdi. “Qəbir yerlərinin pulla satılmır. Ölüsünü dəfn etmək istəyən azərbaycanlıdırsa, onun üçün dövlət rüsumu – 63, xarici vətəndaşlar üçünsə – 79 manatdır. Yəni hər kəs dövlət rüsumunu ödəyərək ölüsünü dəfn edə bilər. Bizim trestə 32 qəbiristanlıq daxildir. Odur ki, bizim qəbiristanlıqlarda yerlərin pulla satılması halları yoxdur. Paytaxtın mərkəzi yerlərində yerləşən qəbiristanlıqlar tamamilə dolub. Amma şəhər kənarındakı qəbiristanlıqlarda boş yerlər tapmaq mümkündür. Məsələn, Sabunçu, Suraxanı, Biləcəri, Xırdalan, Binəqədi və s. kimi qəbiristanlıqlarda boş ərazi tapmaq mümkündür. Yəni ailəvi qəbir yerləri tapmaq qeyri-mümkündür. Torpaq sahələri olmadığından artıq heç kim ailəvi qəbir yeri almır”.
Heç kimin qəbir yerini satmağa ixtiyarı olmadığını deyən Sabir Həsənov qəbir yerlərinin sənədləşdirildiyini deyir. “Həmin qəbir yerləri sənədləşdirilir. Odur ki, heç kim qəbir yerini sata bilməz. Yəni qəbir yerləri pullu deyil. Əgər kimsə belə hallarla rastlaşarsa, trestin “qaynar xətt”inə 510 83 08 müraciət edə bilər”.
Qeyd edək ki, analoji məsələlər qonşu ölkələrdə də var. Ancaq Azərbaycanla müqayisədə qiymətlər xeyli dərəcədə fərqlidir. Məsələn, Türkiyədə məzar yerləri satılsa da, qiymətlər fərqlidir. Ölkənin ən bahalı şəhəri İstanbulda ən baha məzarlıq Aşiyan, Zincirliköy, Karacaahmet, Çengelköy və Ulusdur. Bu məzarlıqlarda İstanbulun və Türkiyənin ən zəngin ailələrinin qəbirləri mövcuddur. Burada qiymətlər 9 min türk lirəsindən başlayaraq 18 minə qədər yüksəlir. Azərbaycan manatı ilə 4500 manatdan 9 min manata qədər. Ancaq ümumi olaraq Türkiyədə ortalama bir məzar yerinin qiyməti 90 lirədən (45 manat) 3 min lirəyə (1500 manat) qədər artır.
Qonşu İranda da qəbir yerləri pulludur. Amma burada da istisnalar var. Məsələn, İranda 500 min tümən (260 dollar) 270 min tümən (145 dollar), 150 min tümən (80 dollar) qiymətlərində məzar yerləri var. Ancaq xüsusi baha yerləri olan məzarlıqlar da var. Məsələn, Tehran yaxınlığında yerləşən İran-İraq müharibəsi şahidlərinin dəfn olunduğu “Behişte-Zəhra” (“Zəhra cənnəti”) məzarlığı ölkədə ən bahalı qəbir yerlərinin olduğu yerdir. Burada qiymətlər 350 min tüməndən 15 milyon tümənədək (180 dollar-7700 dollar) dəyişir. Daha bir bahalıq məzar yerləri ziyarətgahlar ərazisində olur. Bu cür yerlərdə dəfn olunmaq arzusunda olanlar çox olduğundan bura xüsusi qiymətlər qoyulub.
Şəriətə görə, qəbir evini satmaq haramdır. Nə qədər iddia olunsa ki, Azərbaycanda qəbir evini satmaq halları mövcud deyil, reallıqda hər şey əksinədir.
Qeyd edək ki, digər ölkələrdə də qiymət fərqləri olsa da ümumi mənzərə belədir. Yalnız varlı adamlara üçün xüsusi ödənişli məkanlar müəyyən olunur. Kasıblar üçün hər ölkədə müəyyən güzəştlər nəzərdə tutulur. Yalnız Azərbaycandan savayı.
Qafqaz Müsəlmanları İdarəsi yas mərasimi ilə bağlı fitva versələr də göründüyü kimi heç kim fitvaya məhəl qoymur. Fitvada da deyilir ki, qəbir yerlərini satmaq olmaz. Hər adamın eni 1 metr, uzunu 2 metr olan yerdə dəfn olunmaq hüququ var.
“Qəbiristanlıq ərazisi xalq üçün ayrılıb. Xalqa vəqf olunan yeri satmaq olmaz”. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür jurnalistlərə açıqlamasında belə demişdi.
QMİ sədri pul verib qəbir yeri almağın rüşvət sayıldığını qeyd etmişdi. Şeyxin sözlərindən belə aydın olur ki, Azərbaycanda rüşvətxorluğun sonuncu mənzili elə insanların da son mənzili olan qəbiristanlıqlardır. Yəni bizdə ölmək də pulladır. Ölən ölüb bir dəfəlik canını qurtarsa da, ölü sahibi bütün yas mərasimini yola verənə kimi min dəfə o dünyanı görüb qayıdır. Qəbiristanlıqlarda yerlərin qiyməti ilə bağlı araşdırmalardan da göründüyü kimi, bir qarış torpağa verilən qiymətə avtomobil almaq, toy təşkil etmək, yaşamaq üçün yaxşı şərait qurmaq olar. Odur ki, indi heç kimi əziyyət salmamaq üçün ölməyə də qorxuruq.
Gültəkin ƏLƏSGƏR