Modern.az

18 ay daha tez: Sülhməramlıların Azərbaycanda funksiyası qalmamışdı...

18 ay daha tez: Sülhməramlıların Azərbaycanda funksiyası qalmamışdı...

12 İyun 2024, 17:00

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

 

Sülhməramlıların yerləşdiyi Xocalı hava limanında Azərbaycan bayrağı qaldırılıb. 2023-ci ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq misiyanın fəaliyyətinə böyük ehtiyac qalmayıb. 

 

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.


Modern.az mövzu ilə bağı ekspertlərin rəylərini öyrənib.


Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, sözügedən missiyanın sona çatması çox yaxşı haldır:


“Artıq hərbi-texniki məsələlər öz həllini tapıb. Üçtərəfli sazişə görə, əsas məqsəd hərbi texniki-məsələlərin həll olunması, daha doğrusu hərbi işğalın qalıqlarının aradan götürülməsi idi. Bu məsələ öz həllini tapdı, indi isə ikinci mərhələ gündəmdədir. Artıq siyasi danışıqlar və qalan məsələlərin həll olunması müzakirə mövzusudur. Sülhməramlı və müşahidəçilər missiyası hərbi-texniki məsələlərin icrasını təmin etməli idi və bunu edərək missiyalarını bitiriblər”.


Hərbi ekspert Şair Ramaldanov isə qeyd edib ki, sülhməramlıların çıxarılması məntiqlə davam edən prosesdir:

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin aralarında olan razılığın nəticəsində sülhməramlı qüvvələrlə bağlı qərar qəbul olunub. Bu qərarın qəbul olunması üçün şərti və şəraiti Azərbaycan yaradıb. İlk olaraq Azərbaycanın sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi Qarabağ İqtisadi Rayonundakı fəaliyyəti onların burada heç bir ehtiyac olmadığını təsdiqləmiş, orada yaşayan ermənilərə heç bir təhlükə yaranmamışdır. Sülhməramlıların həyata keçirməsi nəzərdə tutulan bütün fəaliyyəti Azərbaycan həyata keçirmişdir. Ona görə də artıq sülhməramlı qüvvələrin orada qalmasına heç bir ehtiyac yox idi.


Onun sözlərinə görə, digər səbəb isə ondan ibarətdir ki, Rusiya Ukrayna ilə müharibə aparır:


“Belə olduğu hala peşəkar gənc kontingenti Azərbaycanda saxlamağa ehtiyac yoxdur. Bütün bu proseslər bu qərara gətirib çıxardı. Bu Azərbaycan diplomatiyasının uğurudur. Mövzu ilə bağlı söz-söhbət var idi ki, Rusiya sülhməramlıları buradan çıxmayacaq. Cənab İlham Əliyev dəfələrlə bildirmişdi ki, Rusiya sülhməramlı qüvvələri 2025-ci ildən sonra Azərbaycanda qalmayacaq. Amma buna çox şübhə ilə yanaşanlar var idi. İndi gördüyümüz kimi, Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində nəinki 2025, hətta bir il daha tez Rusiya sülhməramlı qüvvələri Azərbaycanı tərk etdilər. Bununla da bütün narahatlığa son qoyuldu. Burada Azərbaycan-Rusiya münasibətləri də xüsusi əhəmiyyətə malikdir. Bütün bunlar fonunda Rusiya sülhməramlı qüvvələri tamamilə Azərbaycanı tərk etdilər”.

 

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsi 2020-ci ilə Azərbaycan silahlı qüvvələrinin qələbəsi ilə nəticələnən vətən müharibəsindən sonra imzalanan birgə bəyanatın şərtlərinə uyğun olaraq həyata keçirilmişdi:

 

"Onların Azərbaycan ərazilərində qalması 2025-ci ilin sonuna qədər nəzərdə tutulurdu. Lakin Azərbaycan tərəfinin ərazidə həm rus kontingentinin həm də Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri vaxtından əvvəl öz imkanları hesabına həyata keçirməsi sülhməramlıların ərazilərimizdən çıxmasını təxminən 18 ay tezləşdirmiş oldu. Digər tərəfdən isə Rusiya kontingentinin antiterror əməliyyatlarından sonra Azərbaycan ərazilərində həyata keçirəcəyi hansısa funksiya qalmamışdı. Ermənistan ərazi bütövlüyümüzü qəbul edərək Qazaxın kəndləri və Şərqi Zəngəzuru Azərbaycan ərazisi olaraq tanıdıqdan sonra Rusiya sülhməramlılarının burada qalması heç bir əhəmiyyət daşımırdı. Buna görə də Azərbaycan sülhməramlı qüvvələrin vaxtından əvvəl ərazidən çıxarılması ilə bağlı Rusiya ilə razılaşma əldə etdi və keçən ilin sonundan başlayan proseslər aprel ayından real fəaliyyətlərlə müşahidə olunmağa başladı. Nəticə etibarilə bu kontingentin Azərbaycan ərazilərindən heç bir problem yaşamadan, fikir ayrılığı olmadan çıxarılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti uğuru hesab edilir".

 

 

Rəşid Qarayev

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur