Modern.az

Təhsil Nazirliyi: “Pedaqoqların cehiz kimi diplom almasının qarşısı alınacaq”

Təhsil Nazirliyi: “Pedaqoqların cehiz kimi diplom almasının qarşısı alınacaq”

15 Noyabr 2013, 13:21


“Bu gün məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 16,7 faiz təşkil edir. Təhsil Strategiyasında məqsəd bu səviyyəni inkişaf etmiş ölkələrin səviyyəsinə 80-90 faizə çatdırmaqdır”.

Modern.az xəbər verir ki, Təhsil Strategiyası ilə bağlı jurnalistlərə keçirilən treninqdə belə deyilib. Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, hazırda məktəbə hazırlıq təhsilinin bir il icbari olması qeyd edilib.
“Lakin bu gün ölkədə göstərici 27 faizdir. Məktəbəqədər təhsil sahəsində yeni kurrikulumun hazılanıb tərtib edilməsi əsas hədəfləridir. Yeni təhsil müəssisələrinin yaradılması da hədəfdədir. Bu gün ölkədə hər 100 şagirddən 30-u ali məktəbə daxil olur. Dünya standartlarına uyğun olaraq məzunların ali təhsilə cəlb olunması səviyyəsi 40 faizə çatdırılmalıdır”.

Ümumtəhsil sahəsində hədəflərindən də danışan nazirlik əməkdaşı bildirib ki, səriştəyə əsaslanan məqsədyönlü təhsilin yaradılması ciddi məsələ olaraq qalır. “1-6-ci siniflərdə kurrikulumla bağlı standartlar tərtib etmişik. Qalan siniflər üçün də təhsilin məzmunu əhatə edən sənədin qəbul edilməsi nəzərdə tutulur. Əsas hədəflərdən biri təhsilin ölkənin bütün coğrafiyasında inkişafına təminat verən universal mərkəzlərin yaradılmasıdır. Eyni zamanda 12 illik təhsil sisteminə mərhələli şəkildə keçirilməsidir. Bizim gənclərimizin daha yaxşı təhsil alması üçün bu sistemə keçid olmalıdır. Bu kifayət qədər mühüm və ağır işdir. Bu proqramların yeniləndirilməsi deməkdir. Odur ki, 12 ili təhsil, 10+2 olacaq ki, bunun 10 ili icbari təhsil, 2 ili isə tam orta təhsilə hesablanıb. Məsələn bu gün dünyanın 204 ölkəsindən 170-də təhsil 12,13, 14 illikdir. Yerdə qalan inkişaf etməkdə olan və yoxsul ölkələrdə bu 11 illikdir”.

Treninqdə həmçinin 12 illik təhsildə müəllimlər attestasiyadan keçiriləcəyi və maliyyə məsələlərinin həll olunacağı da bildirildi. “Bu təkcə müəllimin maaşının 2 dəfə artırılması ilə bitməyəcək. Bu gün qiymətləndirmə olmadığı üçün nəticəsi də yoxdur və direktor da buna o qədər həvəsli deyil. İdarəetmə sistemi, maliyyələşməyə məktəblər keçəcək. Bunlar hamısı bir günün işi olmadığından bunu bütün təbəqələri hazırlaşdırmaqla keçmək  lazım gələcək. Buna keçməsək bu problemlər həll edilməmiş qalacaq. Hər uşaq üçün bir planşet və bir kompüterin nəzərdə tutulması isə o deməkdir ki, artıq onlara yüklənən dərsik proqramları nəticəsində şagirdlər ağır dərsliklərin yığıldığı çantaları gəzdirmək məcburiyyətində qalmayacaq”.

Peşə məktəblərinin də fəlsəfəsinin dəyişəcəyini və universitet kimi bir səviyyədə olacağını deyən nazirlik əməkdaşının sözlərinə görə, peşə məktəbləri cəza kimi pis oxuyanların göndərildiyi yer olmamalıdır. “Hər yüz şagirddən 11-i peşə məktəbini seçir. Amma dünyada bu 60-70 faizdir, biz bunu qaldırmaq istəyirik. Bu gün ali təhsilinin ən ciddi problemlərdən biri kampusların olmamasıdır. Müasir universitetlər elm, təhsil, tədqiqat üçbuçağıdır. Bunları yaradanda universitetlərin hədəfləri müəyyənləşdirilməlidir. Müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi ən böyük hədəflərdəndir. Bu aşağı balla daxil olaraq pedaqoqların cehiz kimi diplom almasının qarşısını alacaq. Biz pedaqoqlar arasında cehiz diplomlardan qurtulmaq istəyirik. Dövlət və özəl ali təhsil müəssisələrində bu gün müxtəlif səviyyələr üzrə ödənişli təhsil var. Bu o deməkdir ki, artıq dövlət sifarişi ilə ixtisaslar lazımdır və universitetlər seçiləcək və kadrlar dövlət sifarişinə uyğun hazırlanacaq. Müəyyənləşəcək ki, universitet öz akademik imkanlarına uyğun qəbul planını verəcək”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır