Vaxtaşırı internet KİV-lərdə “desert” xarakteri daşıyan xəbərərə rast gəlirik. Bu günlərdə birini yenə gördük. ADP sədri Sərdar Cəlaloğlunun “Koroğlu kişi olmayıb” iddiası onsuz da qladiator döyüşlərində tökülən isti, qıpqırmızı qandan ləzzət alan romalılara oxşayan oxucularımıza əlavə müzakirə verdi. Vaxtaşırı keçmiş “morq” ekspertinin müfəttiş libasında tarixin qatlarına enməsinin şahidi oluruq. Sonuncu dəfə Sərdar bəy Səməd Vurğunun şair olmadığını subut etməyə cəhd etmişdi. İndi də Koroğlu...
...Varmı bu xalqın qəhrəmanları? Sovetlərin dəmir çənbərindən qurtarandan bu yana bu sual qulağı dəng eləyir. Məncə, bu sualın qoyulması və ətrafında müzakirə açılması ayıbdır.
.. Öz tarixinin qəhrəmanlarını təftiş etmək cəhdi yarımçıqılıq kompleksidir. Mifik yaxud tarixi qəhrəmanlar xalqın təşəkkül prosesinin bir subutudur zatən. Xalq öz əsatirlərini, miflərini, gerçək olan-olmayan qəhrəmanlarını rədd edirsə, yalnız “xeyirlisini”, “işə yarayanını” axtarırsa, bu yalnız yaddaşını küləyə verən nəslin meydan sulamasından nişan verir. Fikir vermisinizsə, bəzi xalq mahnılarımızın sözləri necə primitivdir. Amma biz axı bu mahnıları sevə-sevə oxuyur, dinləyirik. Qəhrəmanlırımız da tarixin qatlarından süzülüb gələn mahnılarımız kimidir. Onları günahlarına və savablarına görə düzüb saf-çürük edə bilmərik. Onlar ya var, ya da yoxdurlar..
...Xalq hətta totalitar sovet ideolojisinin cəmiyyətə sırıdığı qəhrəmanlarına belə, öz yaddaşından olan elementləri pərçim etməyə can atıb, itirdiyi əzəmətli məqamları onlarda görməyə çalışıb. Şura hökumətinin bütün səylərinə rəğmən xalq Nəsimini ateist şair kimi tanımadı, Əliağa Vahidi içki şüşəsində gizlətməklə onun ürfanına tapındı... Xalq öz qanlı hökmdarlarını Nizami divanında olan ədalətli şahla əvəzələdi həmişə..
Yaxud Səməd Vurğun... Xalq Səməd Vurğunun timsalında onun siyasi –ideoloji platforma üstə qurulan yaradıcılığını deyil, darmadağın edilmiş, tapdaq altına atılan milli ədəbiyyatının bir elementini görürdü.. İtirdiyi ədəbi elitasının, sovetin məhv etdiyi milli ziyalı zümrəsinin xatirəsini yaşadan sonuncu ziyarət yeri idi Səməd və onun dostları..
..Hər bir qəhrəman yaşadığı tarixinin varisidir. Bu tarix acı ola bilər, şərəfli ola bilər. Amma heç bir halda ələ salınacaq bir gülüş obyekti olmamalıdır.