Modern.az

Elman Rüstəmov: "3 manatlıq əskinas buraxılmayacaq"

Elman Rüstəmov: "3 manatlıq əskinas buraxılmayacaq"

15 Noyabr 2013, 20:37

Azərbaycan Mərkəzi Bankı milli valyutanın yeni nominalda əskinaslarını buraxmaq niyyətində deyildir. Bunu jurnalistlərə müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Bu günlərdə Milli Məclisin plenar iclasında yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılması zərurəti ilə bağlı səsləndirilən təklifi, bundan əvvəl isə 200 manatlıq əskinasın buraxılacağı barədə xəbərləri şərh edən Elman Rüstəmov deyib ki, dünyanın əsas valyutalarının və daxili amillərin təhlili hazırda 6 nominalda əskinasdan ibarət nağd milli valyutanın strukturunun dəyişdirilməsinə ehtiyac olmadığını göstərir.

Elman Rüstəmov ABŞ dolları, Britaniya funtu, avro və dünyanın digər aparıcı valyutalarını misal gətirərək deyib ki, həmin valyutaların da 1 və 5 nominallı vahidləri arasında başqa nominalda əskinas yoxdur: “ABŞ-da bir müddət əvvəl buraxılan 2 dollarlıq əskinas isə iqtisadiyyat və ictimaiyyət tərəfindən qəbul edilmədiyindən hazırda işləmir.

Milli valyutanın nominal strukturu planlaşdırılarkən Azərbaycan Milli Bankı İsveçrə bankının dəstəyi ilə riyazi, elmi cəhətdən əsaslandırılmış hesablamalar aparıb. Beynəlxalq ekspert qiymətləndirilməsinə əsasən milli nominal strukturunun məhz indiki şəkildə olması təklifi qəbul edilib. Bu, beynəlxalq normalara uyğunlaşdırılmış və özünəməxsus strukturdur.

Eyni zamanda, ölkə daxilində əhalinin əsas xərclər strukturu, ümumilikdə pərakəndə hesablaşma sahəsində aparılan təhlil və tədqiqatlar da hazırda dövriyyədə olan əskinasların optimal olduğunu göstərir”.

Elman Rüstəmov qeyd edib ki, milli nominal strukturu tələblərə uyğun olaraq və milli strategiyaya əsasən vaxtı gələndə dəyişdirilə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU