Modern.az xəbər verir ki, AXCP sədri Əli Kərimli çapına müvəqqəti fasilə verən “Azadlıq” qəzetinə dəstək kampaniyasına qoşulanlara təşəkkür edib.
”"Azadlıq" qəzeti sabahdan yenidən satışda! "Azadlıq"a dəstək marafonu yüksək səviyyədə keçdi. Qəzetin nəşriyyata olan borcunun əhəmiyyətli hissəsi ödənildi. Tanınmış siyasətçilər, ziyalılar, vətəndaş cəmiyyəti fəalları, gənc liderlər, yazarlar, 100-lərlə müstəqil vətəndaş "Azadlıq"ı xilas etmək üçün səfərbər oldular. Xalqımız "Azadlıq"dan vaz keçməyəcəyini bəyan etdi. Haqqa dayaq xalqımıza təşəkkürlər!”-deyə Ə.Kərimli bildirib.
“Azadlıq” qəzeti noyabrın 15-də keçirdiyi marafon nəticəsində 13 min 500 manat pul toplayıb. Toplanmış bu məbləğin hamısı “Azərbaycan” nəşriyyatına ödənib. Ona görə də nəşriyyat qəzetin çapının bərpasına razılaşıb və “Azadlıq” qəzeti noyabrın 16-da köşklərdə olacaq.
Marafon hələ davam edir. Təkcə Əli Kərimli "Azadlıq"a 1000 dollar ianə verib.
“Azadlıq” qəzeti noyabrın 13-dən işıq üzü görmür. Nəşriyyata 25 min manata yaxın borcu olduğuna görə qəzetin çapı dayandırılıb. “Azadlıq”ın üstündə 65 min manat məhkəmə cəriməsi də var.
“Azadlıq”ı qorumaq marafonu noyabrın 15-dən strat götürüb. Marafon AXCP-nin Bakıdakı mərkəzi qərargahında keçirilir.
Noyabrın 15-də ödənən vəsaitdən sonra qəzetin nəşriyyata 11 min 500 manata yaxın borcu qalır.