“Milli Şuranın fəallığı artırılmalıdır”. Bu açıqlamanı Modern.az-a Aydınlar Partiyasının sədri, Milli Şuranın üzvü Qulamhüseyn Əlibəyli verib.
Seçkidən sonra bir dəfə toplaşdıqlarını deyən partiya sədri bildirib ki, Milli Şuranın tərkibinə daxil olan partiyalar arasında qurumun taleyi ilə bağlı fikir ayrılıqları mövcuddur:
“Milli Şuranın fəaliyyəti bir qədər zəifləyib. Milli Şurada olan komissiyaların fəaliyyətləri gücləndirilməlidir. Seçkidən sonrakı fəaliyyət təkcə mitinqlərin keçirilməsindən ibarət deyil. Düşünürəm ki, hansısa layihələr də həyata keçirilməlidir”.
Milli Şuranın digər üzvü Ənnağı Hacibəyli də qurumda dəyişikliklərin tərəfdarıdır: “Seçkinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışmalıyıq. Daha sonra isə 2015-ci ilin parlament seçkilərinə hazırlaşmaq lazımdır. Bunun üçün də Milli Şuranın buraxılıb-buraxılmaması müzakirə olunmalıdır. Qurum seçki blokuna çevrilməlidir. Bu da 2005-ci ildə yaradılan “Azadlıq” Bloku kimi olmalıdır. Fərq o ola bilər ki, bura siyasi partiyaların seçki bloku deyil, daha geniş koalisiyalı, demokratik qüvvələrin seçki bloku kimi müəyyən olunmalıdır”.
İlkin PİRƏLİ