Bir neçə gündür ki, internet mediasında Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Nəsimi Ağababayevin diplomata yaraşmayan davranışına dair məlumatlar dərc olunur. Onun bu hərəkətləri barədə səfirliyinin adı və soyadını anonim saxlayan keçmiş əməkdaşı xarici işlər naziri Elmar Məmmədyarova məktub ünvanlayıb.
Ancaq səfirlik müşavirinin dövlətin imicinə zərər gətirən hərəkətlərinə Xarici İşlər Nazirliyi rəy vermək istəmir. Nazirliyin sözçüsü Elman Abdullayev Modern.az-a məktubun anonimliyini əsas gətirərək XİN-in münasibət bildirməyəcəyini vurğulayıb.
Modern.az saytı səsləndirilən ittihamlara cavab verməsi üçün hazırda Azərbaycanın Özbəkistandakı səfirliyində çalışan Nəsimi Ağababayevin özü də əlaqə saxlamağa müvəffəq olub.
Lakin Nəsimi Ağababayevin özü də Modern.az-a açıqlamasında sözügedən məktubun anonimliyini əsas gətirərək bu barədə heç bir şərh vermək istəməyib.
“Anonim məlumatlara heç bir şərh verilmir. Mən də deyilənlərə şərh verməyəcəm. Nazirliyin mətbuat xidməti var. Yaxşısı budur ora müraciət edəsiniz”-deyə Nəsimi Ağababayev bildirib.
Qeyd edək ki, “Seymur Rzayev” şərti adı altı ilə imzalanmış məktubda Nəsimi Ağababayevin eyni vaxtda 3 vəzifə tutduğu (müşavir, konsul və kassir), faktiki olaraq səfirliyin bütün işlərinə nəzarəti ələ aldığı bildirilib. Eyni zamanda N.Ağababayev xidməti səlahiyyətlərindən sui-istifadə edərək öz xidməti vəzifələrini yerinə yetirmək əvəzinə, Daşkənddə biznes fəaliyyəti ilə məşğul olduğu iddia olunur. Bundan başqa məktubda müşavirin digər “özbaşınalıqları” və diplomata yaraşmayan kirli işləri barədə də məlumat verilib.
Qeyd edək ki, N.Ağababyev əvəllər Azərbaycanın Tacikistandakı səfirliyində də çalışıb. Tacikistandakı mənbədən verilən məlumata görə, N.Ağababayev orada işlədiyi müddətdə də səfirliyin əməkdaşları ilə gərgin münasibətləri olub.
Təəssüf çətinliklə əlaqə yarada bildiyimiz Azərbaycan diplomatı haqqında yayılan xəbərlərə aydınlıq gətirmək istəmədi.
Gültəkin ƏLƏSGƏR